“Çətin və vacib qələbə oldu. Bilirdik ki, “Səbail”ə qarşı, xüsusilə də onun meydanında hər bir rəqib oynamağa çətinlik çəkir”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
40 yaşlı mütəxəssis Misli Premyer Liqasının VI turunun “Səbail”lə səfər oyunundan sonra mətbuat konfransına qatılıb. Sadıqov komandasının ardıcıl ikinci qələbəsinə şərh verib: “Bu gün də bunun şahidi olduq. Matç gərgin mübarizə şəraitində keçdi. Sevindirici məqam odur ki, iştirakçısı olduğumuz bütün qarşılaşmalar maraqlı alınır. Azarkeşlər üçün də oyunlarımızı seyr etməyin maraqlı olduğunu düşünürəm. Təbii ki, daha rahat qələbələrin olmasını istərdik. Son dəqiqələrdə rəqibə hər hansı fürsətlə hesabı dəyişmək imkanı olmasın. Bugünkü görüş şən başladı, hər iki qapıda qollar gördük. Sonra yenə fərqlənən tərəf biz olduq. 2:1-dən sonra hər iki komandada qol imkanları yarandı. Amma heç bir tərəf fərqlənə bilmədi. Yekunda ilk hissənin hesabı ikinci yarıda da sabit qaldı. Futbolçuları təbrik edirəm. Turnir cədvəlini də nəzərə alsaq, çox vacib qələbə idi. Mövsümün əvvəlidir və yığılan hər bir xal çempionatın sonunda çox önəmli, dəyərli olacaq. Şükürlər olsun ki, bu gün 3 xalı biz qazandıq”.
Sadıqov ikinci hissədə daha çox müdafiəyə çəkilmələri ilə bağlı sualı cavablandırıb: “Müdafiə olunmaq antifutbol deyil, hesabı qoruyursan. Antifutbol odur ki, topu hara gəldi vurursan, 11 nəfərlə cərimə meydanına düzülürsən və heyətində də müdafiəmeylli oyunçular çox olur. Onda antifutbol adlandırmaq olar. Əgər rəqib hesabda geridədirsə və ev sahibidirsə, böyük qüvvə ilə irəli atılıbsa, məcbursan ehtiyatlı oynayasan, rəqibin arxada verdiyi boşluqlardan istifadə edəsən. Biz bir az ehtiyatlı oynadıq. Amma belə tapşırıq yox idi. Bu, rəqibin ikinci hissədə böyük qüvvə ilə irəli atılmasından irəli gəlirdi. Oyunçular ehtiyatlı oynamağa çalışırdı, amma qol imkanları da oldu. Təhlükəli hücumlar da yaratdıq. Bəlkə də üçüncü qolu vursaydıq, oyun daha rahat gedərdi. Çətindir, ilk turlardan da görünür ki, bu mövsüm daha ağır keçəcək. Hər bir komanda sonadək mübarizə aparacaq. Bu gün “Səbail” 10 nəfərlə qalsa da, hesabı bərabərləşdirmək üçün sonadək mübarizə aparmağa çalışdı. Bu da bir daha göstərdi ki, qarşıda bizi necə ağır mövsüm gözləyir”.
Mütəxəssis mövsümdə 3-cü qolunu vuran müdafiəçi Sərtan Taşkının oyununa da toxunub: “Biz heyətdə rotasiyalara çox yer veririk. Ötən mövsümdə də belə idi, bu il də belə olacaq. Mən məşqçi kimi düşünürəm ki, rotasiyalar futbolçuları tonusda saxlamağa yardımçı olur. Bu gün də belə seçim etdik ki, Sərtan sağda, Qismət solda oynasın. Sərtanın bombardirlər siyahısında olması bir tərəfdən sevindirir, digər tərəfdən məyus edir. Təbii ki, komandada ən çox qol vuranın müdafiəçi olması. Üzərində işləyəcəyik, çalışacağıq. Futbolçularımızın hər biri optimal formanı bərpa etdikdən sonra daha məhsuldar olsun”.
Sadıqov sol cinah müdafiəçisi mövqeyi barədə fikirlərini də açıqlayıb: “Əslində, o mövqeyə legioner düşünürük, axtarırıq. Sərbəst olan oyunçulardan götürmək üçün. Olmasa da, Slavik, Qismət, Sərtanın özü və ya fərqli taktiki düzülüşdən istifadə Coşqunu da burda oynatmaq olar. Hücumlara az qoşulub, arxadan başlamaq, yaratmaq kimi variantlar da ola bilər. Belə alınıb. Bu gün də olmasa, gələcəkdə mütləq düzəltməliyik”.
Qeyd edək ki, “Zirə” səfər matçında 2:1 hesablı qələbə qazanıb.