Rəşad Sadıqov: “Bizim də imkanlarımız oldu”
21.07.2022 - 22:26
Rəşad Sadıqov: “Bizim də imkanlarımız oldu”

“Oyunun həlledici məqamları ilk iki qol oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Təl-Əviv, İsrail) ilə Bakıda baş tutan ilk qarşılaşmasından sonra mətbuat konfransında iştirak edib. O, baş məşqçi kimi avrokuboklardakı debütündə aldığı 0:3 hesablı məğlubiyyətə şərh verib: “Bizim də imkanlarımız oldu. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam”.

Sadıqov nəticəni səhvlərlə izah edib: "Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq. Bununla belə, oyunda yeni səviyyəyə qalxdığımızı gördüm. Səhvsiz futbol olmur. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük".

Gənc mütəxəssis səfər matçı barədə də danışıb: “Hesab böyükdür. Amma səfərə gedəndə əlimizi yana salmayacağıq. Mən Rəhim Sadıxovun oyunundan razı qaldım. Ola bilər ki, ilk dəqiqələrdə özünü göstərə bilmədi. Amma zaman keçdikcə oyundan oyuna topla davranışı qaydasında idi”.

Sadıqov Rüstəm Əhmədzadənin oyunu və transfer planları barədə fikirlərini də açıqlayıb: “Əhmədzadə də özünü yaxşı tərəfdən göstərdi. Onu ehtiyatda oturmağı düşünmürəm. Çünki komandamız əsasən gənclərdən qurulub. Yeni transferlər etməsək, mövsüm öncəsi işimiz çətin olacaq. Yaxşı legioner almağı düşünürük. Ad xatirinə transfer etmək istəmirik".

0