Rəşad Sadıqov: “Onları ömrümdən silməmişəm”
26.08.2022 - 22:45
Rəşad Sadıqov: “Onları ömrümdən silməmişəm”

“Təmkinlə İlkinin yaxın müddətdə komandaya dönüşü gözlənilmir. Amma gələcəkdə bir yerdə işləyə bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov heyətdən uzaqlaşdırılan Təmkin Xəlilzadə və İlkin Muradov barədə danışarkən deyib.

Çalışdırıcı gələcəkdə onların bağışlanmasını da istisna etməyib: “Mən onları ömrümdən silməmişəm. Sadəcə, gedişat bu gün bunu tələb edirdi, belə addım atdım. Söhbət səhvin böyüyündən, kiçiyindən yox, davamiyyətliliyindən gedir. Əgər hansısa məsələ düzəlmirsə, müntəzəm davam edirsə, bir tədbir görmək lazımdır. Ola bilsin ki, gələcəkdə bu problem aradan qaldırsınlar, biz də yenə birlikdə çalışaq”.

Rəşad Sadıqov onun üçün stabilliyin hər şeydən vacib olduğunu söyləyib: “Oyun baxımından problemimiz yoxdur. Keyfiyyətdə heç kimdən geri qalmırıq. Ötən mövsüm də medallar uğrunda mübarizə aparan komandalar arasında ən çox yerli futbolçu oynadan məşqçi mən olmuşam. Konfrans Liqası matçına 8 yerli oyunçu ilə çıxmışıq. Məsələ bu yox, stabilliyi qorumaqdır. Mənim özümdə də stabilliklə bağlı problem olub. Futbolçularımızla bağlı problem varsa, dərhal reaksiya vermək, düzəltmək lazımdır ki, bird aha təkrarlanmasın. Mən ambisiyalı idmançıları sevirəm. Əgər idmançı qarşısına hədəf qoymursa, nəticələri stabil olmayacaq. İlkin və Təmkinə ötən mövsüm çox güvənmişəm. Onları potensial olaraq heç bir legionerdən geri görmürəm. Milliyə namizəd futbolçulara xüsusi qayğı göstəririk. Amma onun qarşılığını gözləyirik. Qarşılığı 15-20 qol vurmaq, kubok qaldırmaq deyil. Hörmət, stabillik, işinə, özünə hörmət, qarşısına məqsəd qoymasını istəyirəm. Belə olanda mənim üçün keyfiyyət önəmli olmur. Keçən mövsüm də həmin heyətlə bürünc medal qazanmışdıq. Əsas odur ki, dəyişilməyək, yolumuza davam edək. Əgər kimin üçünsə üçüncü yer kifayət edibsə, onunla işləmək mənə çətin olur. Mən özüm həmişə nəticəyə ac olmuşam. Çempion olmuşam, yenə bunu təkrarlamaq istəmişəm”.

0