Rəşad Sadıqov: “Qazandıqlarımın çoxunu onlara borcluyam” - VİDEO
01.10.2022 - 18:08
Rəşad Sadıqov: “Qazandıqlarımın çoxunu onlara borcluyam” - VİDEO

“Olduqca vacib qələbə qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz”la keçirilən səfər oyunu barədə danışarkən deyib.

Tovuzda baş tutan qarşılaşmada bakılılar ilk qolu buraxmasına baxmayaraq, sonda 3:1 hesablı qələbəyə sevinib.

Oyunsonrası mətbuat konfransında Sadıqov komandasının çıxışını dəyərləndirib: “Turan Tovuz” azarkeşlərinin qarşısında çıxış eləmək üçün çox darıxmışdım. Mənim bu şəhərə, kluba xüsusi sevgim var. Qazandıqlarımın çoxunu onlara borcluyam. İlk addımlarımı burada atmışam, komanda və azarkeşlər mənə böyük dəstək olub. Onların qarşısında oynamaq həyəcanlı idi. Ötən turda gözlənilməz və ağır məğlubiyyətlə üzləşmişdik. Bugünlü qələbə bizim üçün önəmli idi. Futbolçularım məşqlərdə də çox istəkli idilər. Həmin yenilgini unudub irəli baxdılar. Bu gün də bunun bəhrəsini gördük”.

Gənc çalışdırıcı matçın erkən saatlarda keçirilməsinin onlara problem yaşatdığını vurğulayıb: “Oyun bizim üçün ağır keçdi. Rəqibin baş məşqçisi Ayxan Abbasov çox təcrübəli məşqçidir. Burada çox güclü, möhkəm kollektiv formalaşdırıb. Hava da çox isti idi, erkən saatlarda oynayırdıq. Süni örtüyü nəzərə alsaq, bir çox problemlər var idi. Əslində oyun istədiyimiz kimi başlamışdı. Amma rəqibin qolundan sonra hesabda geri düşdük. Buna baxmayaraq, futbolçularımız düzgün reaksiya göstərdilər. Dərhal hücuma atılaraq qollarımızı vurduq. Futbolçularımı, rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Yol uzaqdır, bizi dəstəkləməyə xeyli azarkeş gəlmişdi. Onlara ayrıca təşəkkürümü bildirirəm”.

0
DİGƏR XƏBƏRLƏR
Loading...