Riçard Almeyda: “Avropa klubları bizə yuxarıdan aşağı baxırdılar”
24.10.2022 - 16:31
Riçard Almeyda: “Avropa klubları bizə yuxarıdan aşağı baxırdılar”

“Azərbaycana gəlmək təklifi alanda nə mən, nə də valideynlərim bu ölkənin harada yerləşdiyini bilirdik. Quqlda axtardıq. Ürəyimdə bunun doğru seçim olacağını hiss elədim. Onlara bu fürsətdən istifadə eləmək istədiyimi söylədim”.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda UEFA-nın “Qarabağ”la bağlı hazırladığı reportaj zamanı deyib.

Azərbaycan yığmasının milliləşdirilmiş futbolçusu 2017/18 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmələrini xüsusi vurğulayıb: “Avropanın ən böyük klubları növbəti rəqiblərinin Azərbaycan təmsilçisi “Qarabağ” olduğunu görəndə bizə yuxarıdan aşağı baxırdılar. Təkcə 2017-ci ildə deyil, ümumən yaşadığımız hər şey haqda bizimlə əlaqəsi olanlar bilir. Həmin il bizim üçün uğurlu oldu, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Həmin mövsüm, doğrudan da bizim üçün əlamətdar idi”.

33 yaşlı braziliyalı orta sahə oyunçusu Azərbaycan çempionunu dünyanın ən yaxşısı adlandırıb: “Kub hər gün inkişaf eləmək və “Qarabağ”ı Azərbaycandan kənara çıxarmaq istəyir ki, Avropa bizim nə istədiyimizi bilsin. “Qarabağ” dünyanın ən yaxşı komandalarından biridir. Bu klub mənim üçün hər şey deməkdir. Həyatımda qazandığım hər şey Tanrı və zəhmətim sayəsində oldu. Baş məşqçimiz Qurban Qurbanov, komanda yoldaşlarım və klubun prezidenti hər zaman mənə kömək edib. Onlara minnətdaram”.

Qeyd edək ki, Riçard Almeyda ilk dəfə “Qarabağ”a 2012-ci ildə keçib.

0