Riçard Almeyda: “Başımızı dik tutmalı, irəli baxmalıyıq”
04.11.2022 - 09:50
Riçard Almeyda: “Başımızı dik tutmalı, irəli baxmalıyıq”

“90 dəqiqə tam konsentrasiya olaraq yaxşı oyun nümayiş etdirməyə çalışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsində “Frayburq”la 1:1 hesablı heç-heçə etdikləri son oyunu dəyərləndirərkən deyib.

Komandanı kapitan kimi meydana çıxaran braziliyalı futbolçu yaxşı oynamalarına baxmayaraq, qələbə qazana bilmədiklərini söyləyib: “Rəqibdən yaxşı mübarizə apardıq. Futbolda belədir. Yaxşı çıxış etsək də, istədiyimiz nəticəni əldə edə bilmədik. Buna baxmayaraq, komandamla qürur duyuram. Hələ “Lex”lə mövsümün ilk oyunundan başlayaraq bütün matçlarda əsl mübarizlik ortaya qoyduq. “Frayburq”la görüşdə də əlimizdən gələni elədik, çoxlu qol vəziyyətlərimiz oldu. Rəqib ilk dəfə qapımıza yaxınlaşanda penalti qazandı. Başımızı dik tutmalı, irəli baxmalıyıq. Növbəti mövsümdə yenidən Çempionlar Liqasına qayıtmağa ümid edirəm”.

Milliləşmiş orta sahə oyunçusu “CBC Sport”a açıqlamasında Konfrans Liqasının pley-off mərhələsini adlamağı hədəfləyəcəklərini bildirib: “Növbəti dəfə Konfrans Liqasının pley-offunda oynamaq şansı əldə edirik. Bundan istifadə eləmək lazımdır. Orada da məqsədimiz növbəti mərhələyə adlamaqdır”.

Qeyd edək ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi noyabrın 7-də atılacaq püşkatmada bilinəcək.
 

0