"Sabah"ın Bilik Günü biabırçılığı
16.09.2024 - 15:23
"Sabah"ın Bilik Günü biabırçılığı

15 sentyabr Bilik Günü ilə əlaqədar “Sabah” klubu məktəbli uşaqlar üçün kampaniya elan etmişdi.

Klubdan verilən məlumata görə, sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcəkdi. Azarkeşlər ödənişsiz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etməli idilər.

Amma… Axşam saat 20:15 radələrində “Bank Respublika Arena”nın kassasına yaxınlaşdıqda onlara biletlərin tükəndiyini bildirdilər…

Biletlərin tükənməsi özü də başadüşüləndir, lakin məsələnin daha dərininə endikdə, günorta saatlarında bütün biletlərin bir nəfər tərəfindən alındığı məlum oldu. Bu isə açıq şəkildə kampaniyanın təşkilində ciddi nöqsanların və nəzarətsizliyin olduğunu göstərir.

Cibində yetərincə pulu olmayan valideynlər bu kampaniyaya arxayın olaraq uşaqlarını Bilik Günündə sevindirmək üçün övladlarının əlindən tutub stadiona yollanmışdılar.

Yazıq valideyn satış nöqtəsində belə bir biabırçılıqla üzləşəcəyini, uşağının yanında pərt olacağını bilsə idi, stadiona üz tutmazdılar.

Yaxın qohumum qızı ilə yollandığı matça bilet almaq istədikdə o da eyni problemlə üzləşdi.. Yalnız pulunu ödədikdən sonra bilet əldə edə bildi.

Qohumum hadisə ilə bağlı mənlə əlaqə saxladıqdan sonra bilet satış məntəqəsinə yaxınlaşdım.

Vəziyyət olduqca acınacaqlı idi… Onlarla məktəbli uşaq pul verib bilet alırdılar. Təəccüb içində baş verənləri izləyirdim.

Hadisə ilə bağlı klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq.

O, apasport.az-a açıqlamasında bildirdi ki, baş verən hadisə ilə bağlı məlumatı yoxdur.

Satıcının “biletləri bir nəfər aldı, getdi” ifadəsini klub rəsmisinə bildirdikdə isə məlum oldu ki, o, həmin gün 20:15-20:40 radələrində “Bank Respublika Arena”nın kassasında əyləşən şəxsin kimliyindən də bixəbərdir…

Uzun sözün qısası, əgər bu işin altından çıxa bilməyəcəkdinizsə, bilet satışına nəzarət edilməyəcəkdisə, bütün biletləri “əl-altından” “qara bazar”a ötürəcəkdinizsə, niyə belə bir “kampaniya” təşkil edib gözüyaşlı uşaqlar qarşısında valideynləri pərt etdiniz?!

Nərmin Vüqarqızı

0