Sabiq “Ferensvaroş”lu: “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlıdır”
09.08.2022 - 11:35
Sabiq “Ferensvaroş”lu: “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlıdır”

“Hələ ilk oyunda görünürdü ki, “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlı və sürətlidirlər”.

Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un sabiq futbolçusu Listes Kristian Çempionlar Liqasının III təsnifat mərhələsinə “Qarabağ”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

46 yaşlı macarıstanlı mütəxəssis doğma komandasına bu dueldə güvəndiyini söyləyib: “Qarabağ”ın iki aparıcı futbolçusu artıq geri qayıdır. Ona görə də “Ferensvaroş” matç boyu maksimum konsentrasiya olmalıdır. Keçən həftə yüksək rütubət və istidə oynamaq çətin idi. Hər iki komanda balanslı oynadı, indi də eynisini gözləyirəm. Çox yaxın mübarizə olacaq, amma optimistəm. “Ferensvaroş” yaxşı formadadır, oyunçular motivasiyalıdır və fantastik azarkeşlər “Qrupama Arena”da komandaya çox kömək edə bilər”.

“Ferensvaroş”un yetirməsi hesab edir ki, komandaların oyun üslubu bir-birinə bənzəyir: “Məqsəd yalnız Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Bu mərhələ keçiləcəyi təqdirdə, Avropa Liqasının qrupuna vəsiqə təmin olunacaq ki, bu da kiçik uğur sayılmaz. Komanda matçı səhvsiz tamamlanmalıdır. “Qarabağ” topa sahib olmağı sevir. Bu baxımdan komandaların üslubları arasında elə böyük fərq olduğunu düşünmürəm. Stanislav Çerçesovun hansı taktikadan istifadə etdiyini bilmirəm. Amma onun düzgün taktika tapacağına əminəm. Çətin matç olacaq”.

Qeyd edək ki, bu gün Budapeştdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda 1:1 hesabı qeydə alınıb.

0