Şahin Diniyev: "Milliyə olan ümid tam ölməyib" - Müsahibə
10.09.2024 - 17:54
Şahin Diniyev: "Milliyə olan ümid tam ölməyib" - Müsahibə

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi İsveç və Slovakiya ilə görüşlərdə uduzdu. Bu görüşdə milli komandamız özünü necə göstərdi?
- İki oyun gördük. Millimiz çox yaxşı komandalara qarşı oynadı. Fernandu Santuşu da gördük. Bugünkü gündə baş məşqçini müdafiə etmək fikrim yoxdur. Nə də üstünə getmək fikrindəyəm. Sadəcə gördüklərimi demək istəyirəm. İki gün əvvəl yığışan komanda idi. Fernandu Santuş futbolçuları realda görməmişdi, videoşəkil başqadır. İki oyunda da demək olar ki, bir çox oyunçulara imkan yaratdı. Yaxşı da şans idi.

- Milli hansı görüşdə daha zəif göründü?
- İsveç və Slovakiya güclü rəqib idi. Bu cür rəqiblərlə oyunlarda komandada olan problemlər tam olaraq aşkara çıxır. Yəni, müdafiədə hansı səhvlərə yol veririk, hücumda nələri yarada bilmirik, orta xətdə nələr edə bilirik. Hücum, müdafiə, orta xətlə bağlı artıq Fernandu Santuşun əlində yetərincə faktlar var. Yeni sistem qurması üçün məşqçiyə mütləq vaxt lazımdır. Məncə, rəqiblərin də güclü olmasına görə, Santuş bütün suallarına cavab tapdı. Hər şeyi gördü. Komandanın necə oynaması, nəyin nail olması əlinin içi kimi aydındır. Bundan sonrakı oyunlar bizim üçün çox maraqlı olacaq. 

- Sizcə, millidə nələrsə dəyişəcək?
- Komandamız yeni yığılmışdı, iki oyuna kollektiv matça çıxdı. Bu faktorlara görə Santuşun üzərinə getməyə ehtiyac görmürəm. Onun bundan sonra edəcəkləri çox vacib olacaq. Gələn ay Estoniya və Slovakiya ilə matçlarda dəyişikliklər görəcəyiksə, deməli məşqçinin əl işi görünür, artıq məşqçinin işi göz qabağında olacaq. Görməyəcəyiksə, əgər yenə belə davam edəcəksə, artıq o problem ola bilər. Santuş kimi təcrübəli məşqçi, məncə, öz işini göstərəcək. 

- Fernandu Santuş milliyə dəvət edilən futbolçuları tam izləyib, özündə fikir formalaşdırdı, sizcə?
- Onun üçün bütün oyunçulara baxması çox vacib idi. İki oyunda 20-ə yaxın futbolçuya baxdı. Stabil heyəti yaratmaq üçün hamıya baxmalı idi. İsveç və Slovakiya kimi rəqiblərlə oyunda hər şey daha tez görünür, futbolçuların nəyə qadir olduğunu daha tez görmək olur. Məşqçinin də bəxti gətirdi ki, bu cür iki güclü rəqib düşdü. Slovakiya Avropa çempionatında qrupdan çıxan komandadır. İsveç də yenilənmiş, yüksək futbol səviyyəsi olan ölkədir. Estoniya, Litva, Latviya, Moldova kimi komandalarla oyun olsaydı, baş məşqçi allanacaqdı, əlində nələr olduğunu görməyəcəkdi. Artıq bunları da gördü. Zamana ehtiyac var. 

- Əvvəlki baş məşqçilərimizin dövründə olan yığma komandalarla indiki arasında hansı fərq oldu?
- Heç kimi bir-biri ilə müqayisə etmək istəmirəm. Məşqçidən başqa, futbolçu dönəmi var. Məsələn, Türkiyədə bir dönəmdə milli getdi dünya çempionatında üçüncü yeri tutdu. Dönəmdən, futbolçu seçimindən də çox şey asılıdır. Bilirsiz, bəzən 22-25 yaşlı bir qrup futbolçular olur ki, birdən gəlirlər, yüksək səviyyədə olurlar. Amma açığı indi aşağı yaş qruplarından gözləməyə ehtiyacımız yoxdur. Çünki U-17, U-19, U-21 yığmalarımız göz önündədir. Bu gün Azərbaycan çempionatında və kənarda oynayan futbolçulara gözümüzü dikmişik. Kimin dövründə daha yaxşı milli idi, onu heç kim deyə bilməz. Pele, Maradona güclüdür, yoxsa Messi və ya Ronaldo? Buna da cavab tapmaq olmaz. Çünki o zaman başqa futbol idi, indi başqa. Robert Prosineçki, Berti Foqts, Canni De Byazinin vaxtında millidə başqa-başqa futbolçular yığılmışdı, başqa-başqa dönəm idi. 

- Emin Mahmudov və ya Ramil Şeydayevin Slovakiya ilə görüşdə əsas heyətdə olmamasını necə dəyərləndirirsiz?
- Məncə, Santuş digər futbolçuları da görməli idi ki, seçimini etsin. Ümidlə baxıram. Futbol oynayan komandamız var. İsveçlə Bakıdakı matçda da pis oynamadılar. Keyfiyyət baxımından İsveç əlinə düşən imkanlardan yararlandı. Belə deyək də, keyfiyyətimiz çatmadı. Slovakiya ilə görüşdə ikinci yarıda başabaş mübarizə apardıq. Ümid var, ümid tam ölməyib. Hansısa üstün cəhətlərimiz var. Sadəcə üstün cəhətləri təkmilləşdirməli və irəli getməliyik. 

- Coşqun Diniyev haqda hansı fikirdəsiz?
- Coşqunun artımı göz qabağındadır. Türkiyədə oynadığı atletik, fiziki formasında daha yaxşı görünür. Ev oyununda Aleksandr İsaka qarşı oyunda bütün mübarizələrdən qalib çıxmağa çalışırdı. "6 mövqeyi"ndə İsveçə qarşı çıxış edən yarımmüdafiəçinin müdafiə davranışını yüksək səviyyədə keçirdi. Slovakiyaya qarşı 12 dəqiqə oynadı, orada da özünü göstərdi. Məncə Coşqun çox artırıb. Milliyə düşərli olacaq.

0