Şahruddin Məhəmmədəliyevin ARZUSU
26.11.2022 - 23:19
Şahruddin Məhəmmədəliyevin ARZUSU

“Qarabağ”ın bəzi futbolçularının “baş qaşımağa” vaxtı yoxdur.

Apasport.az saytının məlumatına görə, yayda avrokuboklarla başlayan ağır mövsüm Premyer Liqa ilə davam etdirir və demək olar hər ay millinin oyunları keçirilir.

Xüsusən Azərbaycan yığmasının formasını geyinənlər istirahətin nə olduğunu bilmir. Digərləri 3-4 gün dincəlmək imkanı qazananda, millidəkilər məşq və oyunları davam etdirir.

Belələrindən biri də “Qarabağ”ın və Azərbaycan seçməsinin qapıçısı Şahruddin Məhəmmədəliyevdir.

Bütün yarışlarda “1 nömrə” olan 28 yaşlı futbolçu yorğunluq barədə düşünmədiyini, dincəlmək üçün kifayət qədər vaxtının olacağını bildirib:

“Elə bir dönəmdəyik ki, yorğunluq, yaxud gümrah gəzmək haqda düşünmək yersizdir. Daha doğrusu, buna vaxtımız da yoxdur. Qarşıda bizi “Qarabağ”da olduqca vacib və gərgin 1 ay gözləyir. Şəxsən öz adımdan deyim ki, yorğunluq və ya istirahət haqqında fikirləşmirəm. İndi fikirləşməli olduğumuz qarşıdakı matçlarda xoş nəticələrdir. Allahdan dua edirəm heç kim zədə almasın. Bu 1 ayı sağ-salamat keçək, dincəlmək və köhnə zədələrimizi sağaltmaq üçün zamanımız olacaq”.

Qeyd edək ki, “Qarabağ” noyabrın 28-də Premyer Liqanın 15-ci turu çərçivəsində “Zirə”ni qəbul edəcək. “Azersun Arena”da baş tutacaq oyun saat 19:00-da başlayacaq (sportinfo.az).
 

0