"Şamaxı" İdarə Heyətinin sədri: "Problemlərimiz var, bunları gizlətmirik"
04.08.2022 - 13:37
"Şamaxı" İdarə Heyətinin sədri: "Problemlərimiz var, bunları gizlətmirik"

“Şamaxı”da futbolla bağlı müəyyən ənənələr olub”.

Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub deyib.

O, Şamaxıda təşkil olunan klubun təqdimat mərasimində 2018-ci ildə Regional Liqaya komanda buraxıldığını söyləyib: “Təəssüf ki, koronavirus pandemiyası ilə bağlı işlər yarımçıq qalmışdı. Amma rayon ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən Şamaxı şəhər stadionu yenidən quruldu. Yeri gəlmişkən, AFFA prezidenti Rövnəq Abdullayevə də təşəkkürümüzü bildiririk. Diqqət və qayğı nəticəsində yenidənqurma işləri qısa müddətdə tamamlandı. “Keşlə” klubunun bazasında da “Şamaxı” klubu fəaliyyətə başladı. Komandamız ötən mövsümün son turlarında “Şamaxı” adı altında çıxış etməyə başladı”.

O bildirib ki, “Şamaxı” ilə bağlı müəmmalı durumun yaranması hüquqi məsələlərlə bağlı idi: “Bu proseslər də iyulun əvvəllərində yekunlaşdı. Paralel olaraq “Şamaxı”da əsas heyətin formalaşması proseslərinə başladılmışdı. Yeni məşqçilər heyəti ilə anlaşdıq. Bütün proseslərdə yeni strategiyamızın cücərtiləri artıq özünü göstərib. Əsas fikrimiz odur ki, klub “Şamaxı” adını daşıyırsa, azərbaycançılıq ön plana keçməlidir. Bəzən müəyyən inkişaf səviyyəsinə çatan gənc futbolçular yetərincə şans qazanmırlar. Adlı-sanlı klubların da uğur qazanmaq istəyi var, nəticədə əcnəbilərə üstünlük verilir. Perspektivli gənclər də özlərini tam göstərə bilmirlər. Bu üzdən milli səviyyəsində də ortaya nəsə qoymaq mümkün olmur. Bizim də istəyimiz odur ki, həm gənc məşqçi korpusuna imkan yaradaq, onlar da öz xətləri ilə yerli perspektivli oyunçularla heyət qursun. Bununla Azərbaycan futbolunun inkişafına əlimizdən gələn köməkliyi edək. Ola bilsin ki, iddialı danışırıq. Biz tələsmirik. Hədəflər olaraq, mütləq şəkildə ilk ildən uğurlu nəticə göstərmək fikrimiz yoxdur. Məqsədimiz hər gün bir addım irəli getməkdir. Bu istiqamətdə səbir tələb olunur. Problemlərimiz var, bunları da gizlətmirik. Komandanın yerdəyişməsi, baza məsələlərinin təminatı kimi məsələlərə nail olmuşuq”. 

İdarə Heyətinin sədri əvəzedici heyətlə bağlı işlərin davam etdirildiyini də əlavə edib.

Tədbirdə yeni ev və səfər formaları təqdim olunsa da, ondan mövsümün ilk turlarında istifadə olunmayacağı bildirilib. Buna səbəb formaların sifariş olunması, lakin hələ də hazırlanıb gətirilməməsidir.

0