
Misli Premyer Liqasının XXX turunun "Neftçi" - "Zirə" matçından (2:4) sonra ev sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
- "Neftçi" hesabda 3:0, 4:0 olanda da azarkeşlər oyunun sonunu gözləməyə qorxurlar. Yayda qurulan komandanın gücü bir hissəyə çatır? Siz hesabda irəlidə ola-ola uduzmağı nə ilə əlaqələndirirsiz?
- Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsüz? Çox çətin prosesdir. Mən hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq, Ağadaş Salyanski də təkbətək çıxıb, qırmızı vərəqə aldıra bilərdi. Rəqibin hər etdiyi hücum təhlükəli epizodlarla bitir. bizdə əks nüanslar çoxdur. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birəbirləri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Özümüzə təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Kubokdakı matça hazırlaşmalıyıq. O oyunda daha başqa motivasiya ilə oynamalı, karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Zaman göstərəcək. Bildiyimiz şeylərdi başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu sezon çox çətin görünür. Çox olan şeyləri mətbuat konfransında açıb deyə bilmirik.
- "Sabah"a kubokda geridönüşə inanırsız?
- İnanıram."Turan Tovuz"la oyundan sonra "Sabah" da kuboku son çıxış yolu kimi baxırlar. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.
- Azarkeşlərlə də görüşmədiz. Bütün bunların sonunda özünüzün bu məğlubiyyətlərdə rolunuzu görürsüz?
- Çox yaxşı sualdır. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaşxı yolu özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Bütün baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmə gəlirik, problemli komandanı götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər. Özünü tənqidimiz yüksəkdir. Bu cür faciə olan oyunlarda...Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.
- Rəşad Sadıqov bildirirdi ki, Samir Abasov yaxşı komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiz?
- Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir ki, o yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətrirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan isnanlar var. Rəşad kimi. Az olsaq da, var. İşimizin başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.
- “Sumqayıt”ın büdcəsi “Neftçi”dən aşağıdır, ora daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa “Neftçi”nin futbolçuları ilə?Ümumiyyətlə, “Neftçi” səviyyəsində, iddialı olacaq kollektiv yığışıb?
- “Neftçi”də işləmək “Sumqayıt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatçılıq var. Hər oyundan sonra kritik hadisələr baş verir. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci ildən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, göz qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir.
Sumqayıtda da yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən getdik. Sonra Konfrans Liqasına da getdik. Bu il də belə olacaq. “Neftçi”də çətin olsada, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, xeyr iddialıdan uzaq komandayıq.