
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev apasport.az saytına müsahibə verib.
- "Qarabağ" artıq iki yeni transferi reallaşdırıb: Dani Bolt və Pedro Bikalyo. Maraqlıdır, bu iki oyunçu haqda məlumatlısız? Heç onların karyerası ilə maraqlanmısız?
-Düzünü desəm, yox. Onlar haqda heç bilgim yoxdur. Amma əgər transfer ediblərsə, demək ki, komandanın uğurunda köməkləri olacaq. Çünki indiyə qədər Qurban müəllim və onun staffı yanlış transfer etməyiblər. Bu dəfə də hər şeyin yaxşı olacağına inanıram.
- Necə düşünürsən, daha çox Portuqaliya karyerası olan bu futbolçular "Qarabağ"da uğurlu ola bilər?Adətən Portuqaliyadan transferlər uğurlu olur...
- Dediyim kimi, əgər lazım olmasaydılar, "Qarabağ" onları transfer etməzdi. O ki qaldı uğurlu çıxışlarına, onu matçlar zamanı görəcəyik. Ümid edək ki, hər şey yaxşı alınacaq.
- Necə düşünürsüz, "Qarabağ"ın gücləndirəcəyi mövqe çoxdur? Neçə transferlə komanda komplektləşə bilər?
- Əlbəttə ki, "Qarabağ" Çempionlar Liqasında oynayacaq. Ona görə də mövqeləri gücləndirmək lazımdır. Ancaq hansı mövqeni gücləndirmək lazım olduğunu, məşqçilər korpusu daha yaxşı bilir. Çünki onlar komandanı daha yaxşı və yaxından tanıyırlar. Nə istədiklərini, hansı mövqeyə futbolçu lazımdı, bilirlər. Ona görə də, bizim bir şey deməyimiz heç nəyi dəyişmir.
- "Qarabağ"ın yollarını ayırdığı futbolçulardan daha çox kimin gedişi komanda üçün itki sayıla bilər? Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli...
- Hər biri ayrı-ayrılıqda yaxşı futbolçulardır. Komandaya xeyir də veriblər. Amma komandadan ayrılmaqları itki sayıla bilərmi? Məncə, yox . Çünki onların yerinə gətirilən futbolçular onlardan daha yaxşıdır fikri ilə komandaya dəvət olunurlar. Bu mənada, onların gedişi də itki sayılmaz.
- Ümumiyyətlə, son mövsümdə Avropa Liqasında gözlənilən kimi çıxış etməyən "Qarabağ"ın 2025/2026 mövsümündə Çempionlar Liqasında əsas mərhələyə qədər irəliləyə biləcəyinə inanırsınız?
- Əlbəttə. Allahın izni ilə hər şey daha yaxşı olacaq. İnanıram ki, "Qarabağ" 2025/2026 mövsümündə Çempionlar Liqasında əsas mərhələyə qədər irəliləyəcək. Komandanın bunun üçün həm təcrübəsi, həm də gücü var.