Sedat Saini: “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu" - Müsahibə
23.04.2024 - 15:59
Sedat Saini: “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu" - Müsahibə

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Kosovonun “Drita” klubunda məşqçi kimi fəaliyyət göstərən Sedat Saini apasport.az saytına müsahibə verib. Adıçəkilən klubda “Qarabağ”ın digər sabiq müdafiəçisi Zekeriyye Ramadaninin köməkçisi olan Saini Ağdam klubunun bu səviyyəyə gəlib çatmasını şərh edib.

- “Drita”da işləriniz necə gedir? 
- İşlərimiz pis getmir. Hazırda çempionluq mübarizəsi aparırıq. Mövsümün sonlarına yaxın uğurlu çıxışa davam etmək istəyirik ki, məqsədlərimizə çataq. “Qarabağ”da birlikdə futbol oynadığım Zəkəriyyə Ramadani ilə birlikdə işləyirik. Komandada gözəl işlər bacardıq. Hədəfimiz çempionluqdur. Bunun üçün də sona qədər mübarizə aparacağıq. Ölkə kubokunda da yarımfinal görüşümüz var. O oyunu da ən gözəl nəticə - iki çempionluqla başa vurmaq istəyirik. Necə alınacağını isə zaman göstərəcək.

- “Qarabağ”ın çıxışını necə, heç izləyirsən? 
- Əlbəttə, izləyirəm. Orada çox yaxşı günlərim olub, bu komanda hər zaman mənə maraqlıdır.

- Son dəfə komandanın hansı matçına baxmısan?
- "Qarabağ"ı həmişə izləyirəm, əsasən də avrokuboklarda onların çıxışını izlədim. Həqiqətən də, bu komanda çox yaxşı işlər gördü. Xüsusilə də, “Bayer”ə qarşı möhtəşəm oyun sərgilədilər. Sadəcə, afərin düşür onlara. Hər iki matçda da son dəqiqə qolları sadəcə şanssızlıqdan oldu. Yoxsa, “Bayer”i görürsüz də... Onlar nəticələri və göstəriciləri ilə tarix yazırlar. Məncə, “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu. Hər iki görüşə baxanda, bunu demək mümkündür.

- Azərbaycan klublarından təklif almısız?
- Xeyr, heç bir təklifimiz olmayıb.

- “Qarabağ”dakı futbolçu illərini necə xatırlayırsan? Komandanın nə vaxtsa, bu səviyyəyə gəlib çatacağına inanırdın? 
- “Qarabağ”da gözəl, unudulmaz günlər keçirmişəm. Azərbaycan kubokunu qazanmışdıq. Öz adıma da çox uğurlu mövsüm keçirdiyimi deyə bilərəm. Oradan ayrılanda da, hər zaman “Qarabağ” haqda ətrafımdakılara danışarkən, düzgün klub olduğunu, doğru insanlar tərəfindən idarə edildiyini, hədəfləri, məqsədi olan başqanı olduğunu və çox uğurlu olacaqlarına inandığımı həmişə deyirdim. Belə də, oldu. Yəni gözlədiyim bunlar idi. 

- Qurban Qurbanovla son vaxtlarda heç söhbətiniz olub?
- Qurban Qurbanov bizim futbolçu dönəmimizdə məşqçiliyə yeni başlamışdı. Çox istəkli, çalışqan və uğura ac idi. Qurban Qurbanov “Qarabağ”da ilk ilindəcə Azərbaycan kubokunu qazandı. Ondan sonra da özünü daim inkişaf etdirməsi avrokuboklarda da uğurlu nəticələri özü ilə gətirdi. Ona və komandasına hər zaman uğurlar arzulayıram. 

- Yeri gəlmişkən, Ramadani ilə “Qarabağ”da birlikdə oynamışdınız. Maraqlıdır, onunla işbirliyi necə baş tutdu?
- Bəli, onunla futbolçu olduğumuz dönəmdən münasibətimiz davam etdi. O, məşqçiliyə məndən əvvəl başlamışdı və Kosovoda 3 çempionluq, 2 kubok və 1 super kubok qazanmışdı. Çox uğurlu karyeraya sahibdir. Ötən il isə Türkiyədən Şimali Makedoniyaya geri döndükdən sonra Ramadani ilə daha tez-tez görüşməyə başladıq və Səudiyyə Ərəbistanının “Ohod” komandasından təklif gəlincə, o, mənə köməkçi kimi işləməyi təklif etdi. Beləliklə, birlikdə çalışmağa başladıq. Səudiyyə Ərəbistandan qayıtdıqdan sonra isə Kosovodan təklif gəldi və “Drita”da birlikdə işləyirik. Yaxşı komandamız var və hədəflərimiz də böyükdür. Allah qoysa, sonu gözəl olacaq.

0
Drita Qarabağ Bayer Sedat Saini Qurban Qurbanov Ramadani