Şəhriyar Əliyev: "Neftçi" ilə oyun ağır olacaq" - Müsahibə
22.04.2024 - 19:37
Şəhriyar Əliyev: "Neftçi" ilə oyun ağır olacaq" - Müsahibə

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib. 

- Son turda evdə "Sumqayıt"a məğlub oldunuz. Səncə, bu görüşdəki uğursuz nəticə nə ilə əlaqədar idi?
- "Sumqayıt" son vaxtlar formada olan komanda idi. Onları yaxşı analiz etmişdik. Bilirdik ki, rəqib səhvlərdən maksimum yararlanır, əks-hücumda da yaxşı oynayır. Topla da yaxşıdırlar. Öz səhvlərimizdən qollar buraxdıq. İlk hissədən sonra hesabı bərabərləşdirməyə çalışdıq. Şanslarımız da oldu. Amma bunu edə bilmədik. Son saniyələrdə rəqib bizi əks-hücumda tutdu və şanslarından maksimum istifadə etdilər, qalib gəldilər.

- Oyundan öncə mətbuatda da söz-söhbətlər var idi, ajiotaj yaradılmışdı. Bu sizin üzərinizdə təzyiq yaradırdı?
- Ola bilər ki, oyundan qabaq mətbuatda, sosial şəbəkələrdə belə şeylər var idi. Amma çalışırdıq ki, bunlardan uzaq olaq. Çünki bu kimi şeylərə fikir verəndə, futbolçulara təsir edir. O haqda heç kim düşünmürdü. Yalnız matçda uğurlu çıxış etmək barədə fikirləşirdik.

- Hakimlərin gah "Sumqayıt"a, gah da "Turan Tovuz"a dəstək olacağı iddia edilirdi. Sən də meydanda idin. Hakimin hansısa oyunun nəticəsinə təsir edəcək səhvi var idi, sizə və ya "Sumqayıt"a qarşı?
- Düzdür, çempionat oyunlarında hakimlərimizin səhvləri olub. Amma budəfəki matçdan söhbət ediriksə, Əliyar Ağayev oyunu ideal vəziyyətdə aparmağa çalışırdı. Hakimliklə bağlı problem yox idi.

- "Turan Tovuz" 42 xalda qaldı və yuxarı pilləyə yaxınlaşa bilmədi. Yəqin ki, bu mənada qələbə qazana bilməməyiniz, hətta uduzmağınız sizin üçün ikiqat zərbə və təsiredici oldu?
- İkiqat təsir olduğunu düşünmürəm. Oyundur da, uduzduq. Bu matçı unudaraq qarşıdakı matçlara hazırlaşacağıq. Həmin turlarda uğurlu nəticə qazansaq, yenə də şansımız var. Sona qədər mübarizə aparacağıq. Düşünmürəm ki, bu görüşdə uduzmuşuq deyə, komandada ruh düşkünlüyü olacaq. Buna inanmıram. Biz bir komandayıq. Udanda da, uduzanda da həmişə bir yerdə olmuşuq. Toparlanıb, qarşıdakı matçda daha yaxşı nəticə qazanmağa çalışacağıq.

- Növbəti turdakı rəqibiniz "Neftçi"dir. Rəqibiniz də son turda 10 nəfərlə qalan "Zirə"yə uduzdu. Bu matç və rəqib haqda hansı fikirdəsən?
- "Zirə" çempionatda ən yaxşı formada olan komandalardandır. Yüksəlişdə olduqları görünür. "Neftçi" onlara uduzdu, bəlkə uduzmaya da bilərdi. "Zirə" 10 nəfərlə qalmışdı. Onlar üçün də həmin matç geridə qaldı. Bizi ağır oyun gözləyir. Səfərdə oynayırıq. "Neftçi" evdə yaxşı oynayır. "Neftçi" ilə oyun ağır olacaq. Çalışacağıq ki, rəqibi düzgün analiz edib, yaxşı hazırlaşıb səfərdə uğurlu nəticə qazanaq.

0