Sənan Qurbanov: “Cavab oyununda tam başqa "Neftçi" görəcəyik” - MÜSAHİBƏ
09.12.2022 - 12:04
Sənan Qurbanov: “Cavab oyununda tam başqa "Neftçi" görəcəyik” - MÜSAHİBƏ

“Qəbələ”nin sabiq baş məşqçisi Sənan Qurbanov apasport.az saytına müsahibəsi

- Ölkə kubokunun 1/4 final mərhələsinin “Zirə” "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdi. Oyunu necə dəyərləndirərdiz? 
- Oyunda həqiqətən də hər iki komandada səhv etməməyə çalışırdı. İlk hissədə bunu görmək çətin deyildi. Komandalar bir-birinin səhvini gözləyirdi ki, ondan maksimum yararlansınlar. Bu, həm müdafiəyə, həm də hücuma keçiddə görünürdü. Komandalar daha kompakt oynamağa çalışırdı. Ola bilər ki, bu, "Zirə"də daha da yaxşı alınırdı. Elə əks-hücum zamanı da qol vurdu və hesabı sona qədər qorudu. "Neftçi" isə ikinci yarıda daha dominant idi, topa daha çox sahib olmağa çalışdı. Lakin “Zirə” düzgün müdafiə olunmaqla “Neftçi”nin potensial qol yollarını bağladı.

- “Neftçi” evdə geridönüş etməyi bacaracaq, yoxsa, bu, çətin olacaq? 
- "Neftçi" evdə "Qarabağ"dan ağır məğlubiyyət almışdı. Bu da istənilən halda, komandaya psixoloji təsirini göstərdi. “Zirə” ilə oyunda da "Neftçi" psixoloji basqının altından çıxa bilməmiş kimi göründü. Hərçənd ki, "ağ-qaralar"da yaxşı futbolçular var və hücumda daha kəsərli, daha aqressiv, daha sürətli ola bilərlər. Məncə, “Bakcell Arena”da tam başqa "Neftçi" görəcəyik. Daha aqressiv, daha istəkli komanda görmək mümkündür. Bu titul "Neftçi" üçün çox vacibdir. Məncə, onlar bu şansdan maksimum istifadə etməyə çalışacaq. Hər halda, "Bakcell Arena"da daha sürətli görüş olacaq. İnanmıram ki, "Zirə" də ora hesabı qorumaq üçün getsin. Doğrudur, kubokda qol buraxmamaq çox vacibdir. Hər iki komanda öz şanslarından maksimum istifadə edəcək. İstənilən halda, demək olmaz ki, cütün taleyi Zirədə həll edilib. Növbəti qarşılaşma öncəsi hər iki komandanın şanslarını 50/50-ə dəyərləndirərdim. Amma təbii ki, "Zirə" oyuna 1:0 öndə başlayacaq.

- Ümumiyyətlə, Laurentsiu Regekampfın “Neftçi”də özünü sübut edə bilməməsi nə ilə bağlıdır? Sizcə, o, komandaya uğur qazandıra biləcək? 
- Onun karyerasına baxsaq, əslində, pis məşqçi deyil, uğurlu biridir. Zəngin karyeraya malik, çempionluq yaşamış məşqçidir. Deməzdim ki, lazım olan zaman Regekampf üçün keçib. Doğrudur, artıq komandasını daha yaxından tanıyır, hansı futbolçunun potensialını nə qədər yüksəldə biləcəyini də bilir. Amma mənə elə gəlir ki, transferlərə ehtiyac var. Bu, qış fasiləsində nə dərəcədə alınacaq, onu bilmirəm. Məhz ondan sonra Regekampf öz komandasını qurmuş kimi görünəcək. Yəni, rumıniyalının komandaya gəlişindən 2-3 il keçməyib. O, az müddətdir ki, buradadır. Doğrudur, "Neftçi"nin yaxşı oyunları da olub. Amma stabilliyi qorumaq, qışda komandaya nə qədər oyunçu cəlb etmələrindən də asılı olacaq.

- Bəs “Qarabağ” - “Qəbələ” görüşündə qeydə alınan nəticə sizin üçün sürpriz oldu? Sizcə, sabiq komandanız 2:2 hesabına görə kimə borcludur? 
- Ağdam təmsilçisi öz meydanında hər zaman gördüyümüz "Qarabağ" deyildi. Öz oyunu ilə “Qəbələ” də onlara çətinlik yaradırdı və rəqib üçün başağrısı oldular. Hətta qalib də gələ bilərdilər. Elmar Baxşıyevin komandası çəkinmədən rəqibin qapısı qarşısında pressinq etdi. Oyunları çox yaxşı alındı. Amma bu, "Qarabağ"dır. Doğrudur, "Qəbələ" səfərdə yaxşı nəticə əldə edib. Qurban Qurbanovun komandası üçün meydan amilinin fərqi yoxdur. İstədiyi futbol alınarsa, rəqibin şansı azalmış olacaq. "Qəbələ" də bu oyunu davam etdirə bilsə, uğur qazana bilər. Yenə də şanslar 50/50-di.

- Qurban Qurbanov “Zirə” ilə matçdan sonra futbolçularının yorğun olmasına toxunmuşdu. Amma “Neftçi” qələbəsindən sonra bunun aradan qalxdığını düşünmək olardı. Sizcə, yenə də “Qarabağ”a yorğunluluq mane olur? 
- Doğrudur, "Zirə" ilə oyunda yorğunluluğu mən də hiss etmişdim. Oyun sönük keçmişdi. Amma "Nefçti" üzərində qazanılan parlaq qələbə "Qarabağ"ın yenidən o sürət, tempdə, həmin dinamik futbolu oynaya bildiyini göstərmişdi. 

- Bu gün keçiriləcək “Səbail” – “Sabah” və “Kəpəz”  - “Turan Tovuz” matçlarından hansı nəticələri gözləyirsiniz?
- Kubok oyunlarında favorit açıqlama çətindir. Seçilən oyun üslubu, futbolçuların matça köklənməsi çox vacib olacaq. Çünki matçdan əvvəl rəqibi, fərdi olaraq futbolçuları analiz edirsən, hansı dəqiqələrdə, hansı zonalarda seçəcəyin oyun üslubunu müəyyənləşdirirsən. Favorit açıqlamaq çətindir. Amma maraqlı və gərgin oyunların şahidi olacağımız dəqiqdir. "Səbail" Premyer Liqada öz iddiasını itirib. Ona görə də ölkə kubokunda tam gücünü ortaya qoyacaq. Çünki şans var. “Turan Tovuz”a gəldikdə, Ayxan Abbasov həmişə kubokda uğur qazanmış məşqçidir, bunun yollarını bilir. Komandası da əzmkardır. Ayxan Abbasov bunu daha çox yaşamış məşqçi kimi onlar bir balaca şanslı görünə bilər. Amma Gəncədə və Tovuzda seçiləcək oyun üslubundan çox şey asılıdır. İstənilən halda, hər iki komandanın şansları eynidir. Bəlkə də, "Sabah" "Səbail"dən üstün görünür. Son oyunlar və turnir cədvəli bunu deməyə əsas verir. "Sabah" favoritdir. Amma "Kəpəz" və "Turan Tovuz"un şansları bərabərdir.
 

0