Sensasiya axtarışında
26.07.2022 - 16:23
Sensasiya axtarışında

Avqustun 2-də Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycanın da təmsil olunması üçün “Qarabağ” II təsnifat mərhələsində “Sürix”i keçməlidir.

Püşkatmada III təsnifat mərhələsinin 6 cütü və yarışa birbaşa pley-offdan başlayacaq iki komanda iştirak edəcək. “Qarabağ” “Sürix”i keçsə, bu 6 cütdən birində olacaq. Təmsilçimizin III təsnifat mərhələsindəki rəqibi ya “Ferensvaroş”, ya da “Slovan” olacaq.

Qurban Qurbanovun yetirmələrinin pley-offun püşkatmasında iştirakı özündən, hansı səbətdə olacağı isə digər 3 matçdan asılıdır. Söhbət daha reytinqli komandaların oyunlarından gedir.

Hazırda “Qarabağ” pley-offda oynaya biləcək komandalar arasında 6-cı reytinqin sahibidir. Səpələnmiş olmaq üçün “dördlük”də yer almaq lazımdır.

Lakin buradakı iki yer artıq təmin olunub. Turnirə pley-offdan başlayacaq “Kopenhagen” və III təsnifat mərhələsindən başlayacaq “Srvena Zvezda”nın reytinqi daha yüksəkdir. Bu komandaların pley-offdan kənar qalması artıq mümkünsüzdür. 

Bir sözlə, Danimarka çempionu və Serbiyanın ən güclüsünün yer aldığı cüt səpələnmişlərdə qalacaq. “Qarabağ”dan reytinqli digər üç komanda isə hələ II təsnifat mərhələsini keçməlidir. 

Bunlar “Dinamo” Z, “Olimpiakos” və “Viktoriya”dır. Onlardan ikisi III təsnifat mərhələsinə çıxmasa, bu sensasiyalar “Qarabağ”ın işinə yarayacaq. Ağdamlılar özü mərhələ adlasa, “Dinamo”, “Olimpiakos” və “Viktoriya”dan ikisi dayansa, çempionumuzun cütü səpələnmişlər sırasında yer alacaq.

İlk oyunlarda “Viktoriya” Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlib. “Olimpiakos” Hayfada “Makkabi” ilə (1:1), “Dinamo” isə Zaqrebdə “Şkupi” ilə (2:2) sülh bağlayıb. Hər üç komandanın büdrəmək ehtimalı az da olsa, istisna deyil.

Qeyd edək ki, pley-offa birbaşa qatılacaq Türkiyə çempionu “Trabzonspor” püşkdə səpələnməmişlərdən biri olacaq.
 

0