Sergey Kleşenko: “Azərbaycan qələbəyə layiq idi”
17.11.2022 - 00:14
Sergey Kleşenko: “Azərbaycan qələbəyə layiq idi”

“Birinci hissə bizə alınmadı. Daim gecikdik, bütün mübahisəli toplara çatdırmadıq, təkbətək mübarizələrdə uduzduq”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko yoldaşlıq görüşündə Azərbaycana 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis matçın ardından keçirilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İkinci hissədə oyun xarakter və dinamika baxımından bir qədər dəyişdi. Fasilədən sonrakı mübarizədən razıyıq. Amma unutmayaq ki, matç iki hissədən ibarətdir. Təəssüf ki, Azərbaycan bu gün qalib gəldi və buna layiq idi”.

Kleşenko ikinci hissədəki fəallıqlarında Azərbaycan yığmasının heyətindəki dəyişikliklərin də rolu olduğunu etiraf edib: “Obyektiv olaq, Azərbaycan millisi də ikinci hissədə əvəzetmələrə əl atdı. Onların da özlərini sübut etməli olan gənc futbolçuları var idi. Hiss etdik ki, ikinci hissədə sürət artır, mübarizə daha da gərginləşir. Üstəlik, meydana sonradan çıxanların əksəriyyəti gənclər idi və özlərini sübut etməyə çalışırdılar”.

0