Şuaybuya başqa təkliflər də olubmuş - Açıqlama
14.09.2024 - 14:55
Şuaybuya başqa təkliflər də olubmuş - Açıqlama

“İlk oyunlar hər zaman çətin olur. Təqvim irəlilədikcə komanda daha hazır olacaq”.

Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Abdullahi Şuaybu deyib.

Hücumçu I Liqanın “Zaqatala” ilə matçını dəyərləndirib: “Bu oyuna qədər 3 ay hazırlıq keçmişik. Baş məşqçimiz Kaxaber Tsxadadzenin rəhbərliyi ilə çox yaxşı toplanışı geridə qoymuşuq. Matça tam hazır idik. İlk oyun olduğu üçün müəyyən çətinliklər yarandı. Təəssüf ki, bu gün meydanda bütün gücümü qoya bilmədim. Növbəti oyunlarda əsl performansımı ortaya qoymağa çalışacam”.

Bölgə təmsilçisinin yeni transferi komanda barədə danışıb: “Qəbələ” yaxşı komandadır. Kollektivdə ab-hava yüksəkdir. Futbolçular bir-birinə uyğunlaşdıqdan sonra tam gücümüzü görəcəksiz. Bu, sadəcə ilk oyun idi”.

O, Premyer Liqa ilə I Liqa arasında yüksək fərq olmadığını söyləyib: “Məncə, liqalar arasında fərq elə də yüksək deyil. Çünki burdakı futbolçuların da əksəriyyəti Premyer Liqa təcrübəsi olan oyunçulardır”. 

Şuaybu aldığı təkliflərdən söz açıb: “Qəbələ”yə gəlmədən öncə 3 klubdan təklif almışdım. Bunlardan 2-si Azərbaycandan idi. Lakin ad çəkmək istəmirəm”.

Nigeriyalı ölkə çempionatını izlədiyini də söyləyib: “Premyer Liqada “Zirə”nin matçlarını izləyirəm. Dostum Junior Martins orda çıxış edir. Mütamadi olaraq oyunları seyr edirəm. I Liqada isə vaxtım olanda “Karvan”ın görüşlərinə baxıram. Orada da dostum çıxış edir. Güclü komandaları var”.

Qeyd edək ki, “Qəbələ” - “Zaqatala” matçı qolsuz bərabərliklə nəticələnib - 0:0.

İsmayıl Xeyrullayev

0