"Sumqayıt"dan narazı valideynlər "Sabah"ı istəyirsə, bizim nə günahımız var?"
12.07.2024 - 14:26
"Sumqayıt"dan narazı valideynlər "Sabah"ı istəyirsə, bizim nə günahımız var?"

Son vaxtlar ölkəmizin uşaq futbolunda gedən söz-söhbətlər gündəmdən düşmür. 

Xatırlayırsınızsa, Sumqayıt Futbol Akademiyasının direktoru Hakan Sünal təzəlikcə saytımıza açıqlamasında bildirmişdi ki, rəqib klubların seleksioner və məşqçiləri Sumqayıt futbol akademiyasında oynayan uşaqların valideynlərinə zəng edir, onlara pul, yüksək maaş vəd edir. Beləliklə, beyinləri qarışan uşaqlar həlledici matçlara fokuslana bilmir, artıq yeni klublarındakı karyeraları barədə düşünməyə başlayırlar.



Sünal hətta açıq-açıq ad da çəkmişdi. Türk mütəxəssis Sabah Futbol Akademiyasında çalışan məşqçi və seleksionerləri centlmen olmamaqda ittiham etmişdi. Hakan bəyin iddiasına görə, adıçəkilən klub rəsmiləri "Sumqayıt"lı uşaqların valideynlərinə zəng edib, onlara 20 min manat imza pulu, yüksək aylıq maaş təklif edibmiş. Dediyinə görə hətta bunu bilərəkdən, "Sumqayıt" U16 - "Sabah" U16 arasında baş tutan cavab matçından (1:5) öncə ediblər ki, uşaqlar "öz oyunlarını" oynaya bilməsin. 

Təbii ki, ortada belə böyük bir iddia, hətta ittiham varsa, qarşı tərəf üçün avtomatik söz haqqı yaranır. Hakan Sünalın bu açıqlamarından sonra qərara gəldik ki, Sabah Futbol Akademiyasının seleksiya qrupunun rəhbəri Rövşən Babayevlə söhbətləşək. APA TV-nin efirində qonağımız olan təcrübəli mütəxəssis türk həmkarının açıqlamalarından hali imiş. Babayev konkret və açıq danışdı:

Səbəb şanssızlıqdır" - Rövşən Babayev

"Sumqayıt" cəbhəsinin iddiaları tamamilə yalandır. Uğursuz nəticə qazanan adamlar bəzən nədənsə tutunmaq üçün belə şeylər deyə bilirlər. Bu başadüşüləndir. Təklif edirəm ki, açıb statistikaya baxsınlar. Bu mövsüm ərzində onlarla neçə dəfə qarşılaşmışıq, matçlar necə nəticələnib, hamısı bəllidir. Biz də yarımfinalda "Qarabağ" U16-ya uduzduq, burda problemli nəsə yoxdur. "Sumqayıt" yaxşı komandadır, amma onları məğlub etmək üçün belə yollara əl atmağa ehtiyac görmürük. 

"Sumqayıt"lı uşaqların valideynləri ilə danışıb-danıışmadıqları barədə suala da Babayev səmimi cavab verdi:

Rövşən Babayev yeni futbolçuları sınaqdan keçirir » Football-plus.az

"Açıq danışaq, ittiham edən tərəf də bilsin. Şəxsən valideynlərin özləri bizlə əlaqə saxlayır, uşaqlarını bizim akademiyaya gətirmək istədiklərini deyirlər. Bu çox normaldır. Sumqayıtda uşaq az qala dəyişik geyinməyə forma tapmır. Səfərlərə, xarici ölkələrdə baş tutan turnirlərə getmirlər. Hər valideyn istəyər ki, övladı daha yaxşı şərtlərdə futbol oynasın, imkanları geniş şəraitdə məşq etsin, potensialı yüksək olan klubda olsun. Baxın, məsələn Sumqayıtın 17 yaşlılardan ibarət komandası bu mövsüm çempion oldu. Bir soruşun görək, rəhbərlik o uşaqlar üçün nə etdi? Mən deyim, heç nə. Nə bir mükafat, nə bir xaricə səfər. O ki, qaldı 20 min manat imza pulu, min manat maaşa, bu tamamilə cəfəngiyatdır. Valideyn öz uşağının qiymətini qaldırmaq üçün onlara yalan məlumat verirsə, bunu "Sabah"ın adına yaza bilməzlər".

Belə, sirr deyil, istənilən akademiya, məşqçi, seleksioner istəyər ki, ən istedadlı uşaqlar məhz özlərinin sərəncamında olsun. Bu məsələdə isə kimin haqlı, kimin haqsız olduğuna idman ictimaiyyəti özü qərar verəcək. Şərh verməliyəmsə, öz adıma deyə bilərəm ki, futbolçu valideyni olsam, istəyərəm, övladım şərtləri, imkanları daha yuxarı olan akademiyada futbol oynasın, püxtələşsin. Baxmayaraq ki, Sumqayıt şəhərində yaşayıram. Hər bir halda iki seçənək arasında qalsam, övladımın banana, bulkaya, dəyişik köynəyə möhtac qalmağındansa, xarici ölkələrə səfərlər etməsini, normal infrastruktura sahib akademiyada futbol oynamasını üstün tutardım.

Əlqərəz, Rövşən Babayevin qonaq olduğu "APA Sport" verilişi bu gün saat 20:00-da APA TV-nin efirində olacaq. Yerinizdə olsam, qaçırmazdım...


Rasim Sultanzadə

1