"Sumqayıt"dan transfer hərəkatı – Avrokubok öncəsi son vəziyyət
01.07.2024 - 13:41
"Sumqayıt"dan transfer hərəkatı – Avrokubok öncəsi son vəziyyət

"Sumqayıt" yeni sezon hazırlıqlarına davam edir.

Apasport.az-ın əldə etdiyi məlumata görə, komanda növbəti sezon üçün bir neçə transfer barəsində işlər aparır. 

Erik Sorqanın gedişindən sonra əsas prioritet hücum xəttində yaranan boşluğu doldurmaqdır. Bununla yanaşı Abu Dossonun da komandadan ayrılması Samir Abasovu müdafiənin sol cinahını da gücləndirmək fikrinə salıb. 

Saytımıza verilən məlumata görə, “Sumqayıt” Rəhim Sadıxovun gəlişi ilə yarımmüdafiə xətti ilə bağlı məsələlərin böyük ölçüdə yekunlaşdığını düşünür. Amma hər hansı fürsət transferi olarsa, klub bundan yararlanacaq.

Baş məşqçi Samir Abasov növbəti mövsümdə komandanın əsas qapıçısı kimi Mehdi Cənnətovu görsə də, mümkün olarsa, klub ehtiyat skamya üçün daha bir qapıçı transferi edə bilər. 

Hələ də mətbuatda dolaşan xəbərlərə inansaq, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu ilə bağlı problemlər davam etdiyinə görə komanda avrokubok matçını “Kapital Bank Arena”da oynaya bilər. Lakin klub tərəfindən saytımıza verilən məlumat bu xəbərlərin əsassız olduğunu göstərir. Matç elə Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda baş tutacaq.

Qeyd edək ki, “Sumqayıt” iyulun 25-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində doğma meydanda Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq.  

 

ADİL NƏHMƏTLİ
 

0