Tahir Süleymanov: "Sabah"ı "Zirə" və "Sumqayıt"la müqayisə etmək doğru olmaz" - Müsahibə
25.07.2024 - 15:54
Tahir Süleymanov: "Sabah"ı "Zirə" və "Sumqayıt"la müqayisə etmək doğru olmaz" - Müsahibə

Futbol mütəxəssisi Tahir Süleymanov apasport.az saytına müsahibə verib. O, komandalarımızın UEFA Konfrans Liqasındakı ilk oyunlarını dəyərləndirib. 

- Bu gün 3 təmsilçimiz UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq. Komandalarımızdan hansının mərhələ keçəcəyini düşünürsünüz?

Bizim - futbol ictimaiyyətinin, azarkeşlərin istəyi bəllidir, komandalarımızın mərhələlər keçməsi arzulanır. Bunu öncə klubların özləri, orada çalışanlar düşünməli, istəməlidir. Mövcud durumda, bəzi komandalarımızdan reallığa uyğun olaraq, heç kim qrupları tələb etmir. Bununla yanaşı, şərait nə olur olsun, məğlub, təslimçilik psixologiyası ilə oyunlara çıxılmamalıdır. Təəssüf ki, son illər, büdcəsi yerində olan və olmayan əksər klublarımız eyni mövqedən çıxış edirlər. Çempionatda avrokuboklara vəsiqə uğrunda amansız mübarizə aparılır, minimum deyil, maksimum nəticə kimi qələmə verilir, missiya bitmiş sayılır. Daha böyük hədəflər yoxdursa, bir mərhələnin keçidi problem sayılırsa, bu qədər legionerin Azərbaycana gətirilməsinin özü yanlışdır. Avropada irəliləmək iddiası yoxdursa, buna imkanlar yetərli deyilsə, strateji olaraq yerli futbolçuların yetişdirilməsi prioritet sayılmalıdır. Bu tək klubların yox, ölkə futbolunda vahid və düzgün strategiyanın, işlək mexanizmin olmamasının nəticəsidir. Nəzərə alınmalıdır ki, klubların çoxu dövlət dotasiyası ilə qidalanır. Belə olduqda, hər mövsüm kütləvi şəkildə xalqın vəsaitini bir-iki mərhələ keçə bilməyən səviyyəsiz legionerlərə xərclənməsi yolverilməzdir. Çempionatda daxili rəqabətin yaradılması üçün yerli və ən önəmlisi, keyfiyyətli futbolçu potensialı hazırlanmalıdır. Futbolçu yetişdirilmirsə, uşaq-gənclər sahəsində səviyyə təmin edilmirsə, legioner limitini qaldırmaqla, ümumiyyətlə, aradan götürməklə, yerli oyunçular havadan peyda olmayacaq. İstedadlılar, bacarıqlı futbolçular üzə çıxarılmalıdır ki, güclü rəqabət yaransın, inkişaf təmin edilsin. Qeyd olunanlar kompleks yanaşma tələb edir. Əks halda, bu qədər legioner yığını ilə Avropadan dərhal geri qayıtmaq milyonlarla vəsaitin, yumşaq deyilsə, israf olunması deməkdir. Rəqibin kimliyindən asılı olmayaraq  komandalarımız meydana qələbə ruhu, əzmi ilə çıxmalıdır. Hər birinə uğurlar arzu edirəm.

- Sizcə, “Sumqayıt” “Fehervar” səddini aşa biləcək? 

- Sumqayıt futbol ənənələrinə sahib, azarkeşlərin öz şəhərinə, komandalarına hər zaman ürəkdən dəstək verdikləri, sadiq olduqları məkandır. Sumqayıt Azərbaycan futboluna onlarla, yüzlərlə bacarıqlı oyunçular bəxş edib. Yeni stadion, dolu tribunalar qarşısında "Sumqayıt" layiqli oyun göstərməlidir. Digər komponentlərlə birgə, böyük futbol təhlillər, taktiki gedişlər, psixoloji hazırlıq üzərində qurulur. İstənilən rəqibi məğlub etmək mümkündür. Komanda, futbolçular "Sumqayıt" azarkeşlərinin qələbə istəyini meydana daşımalıdırlar.

- Avropa Liqasında “Şerif”ə məğlub olaraq mübarizəni dayandıran “Zirə”nin Maldova təmsilçisindən heç də geri qalmayan “DAK 1904”lə oyununu necə dəyərləndirirsiniz?

- "Zirə" "Şerif"lə cavab oyunundakı psixoloji məğlubiyyət yükünü aradan qaldıra biləcəyi, intizamlı, əzmkar futbol oynayacağı halda, rəqib qarşısında sərfəli nəticə əldə edə bilər. Avropa Liqası mərhələsindəki səfər qələbəsindən sonra "Zirə" klub olaraq ev oyununda yarıboş tribunalar qarşısında çıxış etdi. Daha təcrübəli rəqib üzərində tək komanda yüklənilməməlidir, klub olaraq toparlanma mütləqdir. Belə oyunlarda  azarkeş dəstəyi, rəqibi daimi təzyiq altında saxlaması futbolçulara əlavə ruh, motivasiya verir, daha məsuliyyətli olmağı şərtləndirir.

- Digər iki komandaya nisbətən, "Zirə"nin meydanda azarkeş sayı daha azdır. Sizcə, bu, komandaya necə təsir göstərəcək?

- Qeyd etdiyim kimi, klub, komanda anlayışı fərqlidir. Komanda səfərdə güclü rəqib üzərində qələbə qazanmışdı. Ruh yüksəkliyi fonunda "Şerif"lə görüşdə elə də böyük tutumu olmayan 5-6 minlik stadion tam dolmalı, klub bu yöndə səfərbər olmalı, bütün təşkilati gücünü ortaya qoymalı idi. "Zirə"nin, klub himayədarlarının buna yetərincə imkanı var. Bu tipli oyunlarda, tribunaların rəqib üzərinə çılğın təzyiqi böyük effekt verir, komandaya əlavə güc verir.

- Ötən mövsüm "Makkabi" Konfrans Liqasında 1/8 finala qədər irəliləyib. Sizcə, bu səviyyədə komandaya qarşı “Sabah”ın şansı nə qədərdir?

- "Makkabi" təcrübəli, klub nüfuzu olan komandadır. "Sabah"ı "Zirə" və "Sumqayıt"la müqayisə etmək doğru olmaz. Şəraitləri, maliyyə durumları daha genişdir. Rəqibin kimliyindən asılı olmayaraq, komanda yaradılan imkanlara uyğun iddiasını göstərməyi bacarmalıdır. Oyun neytral meydanda keçiriləcək, bu da əlavə üstünlük sayılmalıdır. Düzgün taktiki oyunla cavab görüşü öncəsi sərfəli nəticənin əldə edilməsi xəyal deyil. Hər üç klubumuza meydana özünəinamlı çıxmağı, yaxşı nəticələrlə azarkeşləri sevindirməyi arzu edirəm.

Nərmin Vüqarqızı

0