Tahir Süleymanov: "Şəxsi maraqlar "Neftçi"ni çökdürüb" - Müsahibə
18.09.2024 - 10:18
Tahir Süleymanov: "Şəxsi maraqlar "Neftçi"ni çökdürüb" - Müsahibə

"Neftçi"nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov apasport.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis "ağ-qaralar"ın bugünkü vəziyyətini şərh edib.

- “Neftçi” hazırda 4 xalla turnir cədvəlində 9-cu pillədədir. Bu barədə fikrinizi öyrənmək istəyərdim…
- Birmənalı olaraq "Neftçi" adına rəzalət, bağışlanmaz durumdur. Təbii ki, bunlar səbəbsiz deyil...

- Sizcə, “Neftçi”nin bu vəziyyətdə olmasının səbəbi nədir? Rəhbərlik, məşqçi, yoxsa futbolçular?
- İllərdir "ağ-qara"lar eyni, oxşar vəziyyətdədir.  Bəhanələrlə, araqatmalarla, vaxt istəməklə, hiyləgər manevrlərlə baş qatılır, azarkeşlər aldadılır, növbəti "qurban"larla, yerdəyişmələrlə zaman qazanılır. "Neftçi"nin problemi ideoloji, strateji klub idarəçiliyindədir. Klubun planlaşdırmasını, məşqçi -futbolçuların gətirilməsini, icraçı  rəhbərlərin seçimlərini edən kluba cavabdeh məsullardır. Ardıcıllıqla hər bir şəxs, rəsmilərdən tutmuş məşqçi və futbolçulara kimi vəzifələrinə uyğun günahkardırlar. 

- “Neftçi” hər mövsüm istər yerli, istərsə legioner futbolçular transfer edir, amma komandanın durumu elə də ürəkaçan deyil..
- Davamlı olaraq təhlillər aparılır, doğru yol göstərilir. Bu illər ərzində onlarla əcnəbi və yerli məşqçi dəyişdirilib, 100-dən çox legioner transfer edilib, 100 milyondan çox vəsait xərclənib. Kritik məqamlarda icraçı rəhbər "gedişləri", yerdəyişmələri edilib. Şəxsi maraqlar, peşəkarlıqdan uzaq addımlar "Neftçi"ni çökdürüb. Transferlər, "gediş-gəlişlər" komandaya deyil, klub daxilində və çölündə olan bir qrup adamların mənafelərinə qulluq edir. Belə yanaşma "Neftçi"də hazırkı vəziyyəti şərtləndirir.

- Bəs, bu gedişatla “Neftçi”dəki vəziyyət gələcəkdə necə olacaq?
- "Neftçi"nin xilası köklü və radikal qərarlardan, azarkeş birliyindən keçir. Beyinlər dəyişməyincə, səhvlər kənarda yox, daxildə, özlərində axtarılmayınca, belə də davam edəcək. Hikkə psixologiyasından əl çəkməyib, xalqın, dövlətin milyonlarını havaya sovurub uzaq Skandinaviyaya, Ukraynaya, yerli "müşavir"lərə üz tutmağa ehtiyac yox idi, "Neftçi"nin baş ofisindən yaşadığımız ünvana 10-15 dəqiqəlik yoldur. Təşrif buyurardılar, klubun bataqlıqdan, böhrandan çıxış yollarını göstərərdik. Bundan artıq nə deyilir ki?! Keçmiş AFFA ideoloqları bəlli idi. Bizimlə, "Neftçi", ümumi futbolla düşmənçilik edirdilər. Yeni gələnlərə nə olub, onların nə problemi var?! Bəla ondadır ki, "Neftçi" tarixinin ən uğurlu, titullu prezidenti Sadıq Sadıqov bu gün də SOCAR sistemində "Neftçi" İdman Klubuna rəhbərlik edir. Necə ola bilər ki, İsveçə, Türkiyəyə gedib çıxılır, vaxtilə 1-2 transfer üçün qapıdan içəri keçmək istəyən "müşavirlər"lə işbirliyi qurulur, eyni sistemdə çalışan, tarixi uğurlar qazanan insanla məsləhətləşilmir, çıxış yolları axtarılmır?! Deməli, məqsəd "Neftçi"nin dirçəlməsi yox, fərqli məqamlardır. Bunun başqa adı yoxdur! Ona görə də "Neftçi" hazırkı vəziyyətdədir. 

- Baş məşqçi oyuna görə, üzr istəyir, oyunun alınmadığını bildirir. Üzr istəmək əvəzinə vəziyyəti dəyişmək doğru olmazmı?
- 5 turdan sonra "Neftçi"ni əsaslı təhlil edib dəyərli azarkeşlərlə fikirlərimi bölüşmüşdüm. Baş məşqçi nağılları heç nə vəd etmirdi. Fasilədən sonra növbəti tur bunu əyani sübuta yetirdi. Dil-dil ötənlərin, roman əvəzinə hekayə belə yaza bilməyənlərin üzxahlıq videoları heç nəyi dəyişmir. Qeyd etdiyim kimi, problem tək baş məşqçidə deyil. Roman Qriqorçuk özbaşına kluba gəlməyib, özü-özüylə müqavilə bağlamayıb, gətirilib. Problem ondadır ki, hazırda klubdaxili çəkişmələr, "qurban" axtarışı davam edir və ilk sırada baş məşqçidir və bunun üzərində "işlər" aparılır. İcraçı rəhbərlər qaçıb gizlənib. Qorxaq "sərkərdələrin" zabit və əsgərləri meydanda nəinki tarixi, lokal qələbələr qazana bilməz! "Neftçi"də vəziyyətin dəyişməsi qlobal məsələdir. 

- Rəhman Hacıyev saytımıza açıqlamasında bildirib ki, futbolçular meydanda xarakter göstərməli, can qoymalıdırlar. Bu barədə nə düşünürsüz?
- Futbolçu açıqlamasına fikir bildirmək istəmirəm. İstənilən oyunçunun vəzifəsi meydanda futbol oynamaqdır. "Neftçi" kimi klubda xarakterin olması üçün, öncə rəhbər və məşqçilərin tarixi komandaya uyğun iddiası, xarakteri, qətiyyəti, məsuliyyəti, peşəkarlığı ilə birgə vəzifəyə yox, "Neftçi"yə verilən dəyər olmalıdır!

Nərmin Vüqarqızı
 

0