Taleh Nəsibov: "Regionlarda komandaların sayının artmasının üzərində çalışırıq"
27.05.2024 - 16:55
Taleh Nəsibov: "Regionlarda komandaların sayının artmasının üzərində çalışırıq"

"Komandamız hazırda təlim-məşq toplanışındadır. Millimiz toplanış çərçivəsində Monteneqroda mini turnirdə iştirak etdi və çempion oldu. 2022-ci ildə qazandığımız titulu qorumaq istəyirik. Bu, əlbəttə ki, çətin olacaq. Amma əlimizdən gələni edirik, milli komandamız üçün hər cür şərait yaratmışıq. Digər komandalar bizi lider kimi qəbul edir. Rəqiblər artıq Azərbaycan millisinə başqa gözlə baxır. Bizimlə oyunlara daha yaxşı hazırlaşırlar. Minifutbol üzrə Azərbaycan çempionatı canlı yayımlanır. Bu da rəqiblərə millimizi təhlil etmək üçün fürsət yaradır. Qrupda rəqiblərimiz Belçika, İtaliya və Fransadır. Əminəm ki, biz yüksək xalla qrupdan lider çıxacağıq. Ümid edirik ki, çempion olaraq geri dönəcəyik".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının vitse prezidenti Taleh Nəsibov jurnalistlərə açıqlamasında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan Minifutbol Federasiyasının ayrıca stadionu nə vaxt olacaq?

- Bu, vəsait tələb edir. Artıq plan və layihə var. Maddi çətinliklər var ki, onların üzərində iş gedir. Yaxın gələcəkdə mətbuata bu barədə açıqlama veriləcək.

- Avropa çempionluğu həmin arenanın inşasını tezləşdirə bilər?

- Yəqin ki, böyük təsiri olacaq. Bunun üzərində işlər görülməsi üçün zəmin yaradacaq.

- Komanda Avropa çempionu olmasa...

- Hər idmançı yarışa çıxanda qızıl medalı fikirləşməlidir. Məncə, 1-ci yer ən böyük uğurdur. Digər yerlər isə ürəkaçan deyil. Biz daha yaxşısına layiqik. Futbolçularımız da məsuliyyəti dərk edirlər. Hər kəsin beynində çempionluq var.

- Ölkədə minifutbola maraq artır. Coğrafi arealı genişləndirməyi planlaşdırırsız?

- Regionlarda komandaların sayının artmasının üzərində çalışırıq. Həmçinin, müəyyən yaş qruplarında da çempionatların təşkil olunmasını istəyirik. Çünki gələn ildən U-23 dünya və Avropa çempionatları keçiriləcək. Biz də ora milli komanda hazırlamağa start verəcəyik.

0