Tərlan Əhmədov: “Makkabi” keçilməz deyil” - Açıqlama
25.07.2024 - 18:58
Tərlan Əhmədov: “Makkabi” keçilməz deyil” - Açıqlama

"Bizim komandaların Konfrans Liqasında düşdükləri rəqiblərlə növbəti mərhələyə çıxması bir balaca çətin məsələdir. Amma futbolda hər şey mümkündür". 

Bunu apasport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Tərlan Əhmədov deyib. 

52 yaşlı mütəxəssis "Zirə"nin "Dak 1904"ə qarşı şansını belə dəyərləndirib: "Şerif"lə matçda "Zirə"nin şansı böyük idi. Hansı ki, avroliqada növbəti mərhələyə demək olar ki, keçə bilərdi. Çox rahat bir rəqib idi, "Şerif" əvvəlki "Şerif" deyil. Ümumiyyətlə, komanda yenidən qurulur. Bu həmin "Şerif" idi ki, bu heyətdə orta xəttin futbolçuları demək olar ki, ilk dəfə idi ki, oyuna bir yerdə çıxırdılar. Yəni, yeni gəlmiş futbolçular idi. Amma, ümumilikdə götürsək, demək olar ki, iki oyun nəticəsinə görə "Zirə"ni üstələdilər. Bəli, "Zirə" bütün çempionat boyu biz həmişə deyirdik çoxları da narazı olurdular ki, siz "Zirə"ni çox tənqid edirsiniz. Amma, ümumilikdə məsələ burasında idi ki, "Zirə"nin seçdiyi taktika ancaq sırf müdafiə idi. Müdafiə də Azərbaycan çempionatında keçə bilər, amma Avropada tam belə ümumilikdə müdafiə olunmaq da keçmir. Çünki, rəqiblərin təcrübəsi var. Rəqiblər artıq uzun müddətdir ki, Avropa futbolunda çıxış edirlər. Hətta "Şerif" yeni qurulan komanda olsa belə, cəlb olunan futbolçular yeni olsa da komandanın artıq təcrübəsi vardı. Komanda artıq özünü Çempionlar Liqasının qrup mərhələsində də, Avropa Liqasının qrup mərhələsində də öz sözünü demiş bir komanda idi. Amma "Zirə" çempionatda da ən az top vuran və ən az top buraxan komanda idi. İkinci yer tutmağına baxmayaraq, mən həmişə deyirdim ki, komanda belə müdafiə olunmağı ilə çox irəli gedə bilməz. Nə qədər hücumda kəsərli olsan bir o qədər müdafiədə də demək olar ki, sənin işin rahat olacaq. Əgər hücum xəttində sənin kəsərin yoxdu, hücum xəttində sənin əzəmətin yoxdusa, hücum xəttində sən təzyiq yarada bilmirsənsə, əlbəttə ki, nə olursa olsun bir top ya da ki iki top buraxa bilərsən. "Zirə" iki top irəlidə ola-ola 1:0 orada qalib gəlirdi, burada da ilk dəqiqələrdə qol vurmuşdu. Artıq iki top fərqlə irəlidə idi. Amma, sonlara yaxın demək olar ki, qırmızı vərəqədən sonra iki hücumçuların ikisinin də meydandan çıxarılması mənim üçün çox təəccüblü gəldi. Çünki, qarşıda, irəlidə artıq top qalmırdı. Yəni, hər halda mənim öz şəxsi subyektiv fikrimdi ki, qırmızı vərəqə aldınsa 4-4-1 sisteminə keçid edib mübarizə aparmaq daha maraqlı olardı. "Dak 1904" köklü komandadır. Tanınmış komanda olmasa da, Slovakiya komandasıdır və biz artıq slovakları Avropa çempionatında da gördük nə qədər inkişaf ediblər. Yeni nəsil formalaşır və bu baxımdan da düşünürəm ki, "Zirə" üçün "Şerif"dən də qat-qat artıq çətin olacaq bu mərhələni keçmək. Amma, yenə deyirəm futbolda hər şey mümkündür. "Zirə" yenə qapalı futbol oynasa və hücum xəttinə üstünlük verməsə, hücumda daha kəsərli təzyiqlər etməsə, mən düşünürəm ki, yenə "Zirə" üçün çətin olacaq. Artıq 4 ildir ki, komandada baş məşqçi Rəşad Sadıqovdur, amma komanda hələki öz oyun formasını tam tapmayıb. Avropa üçün hələki komanda demək olarki, hazır deyil. Bu baxımdan "Zirə"nin şansı olduğuna inanmıram. Çox istəyərdim ki, üç komandamızın üçü də növbəti mərhələyə çıxsın, amma hələki göstərilən oyundan bunu demək çətindir".

O, "Sumqayıt" və "Sabah"ın da bu mərhələdə ağır oyuna çıxacaqlarını vurğulayıb: "Sumqayıt haqqında o qədər də məlumatımız yoxdur. Yeni futbolçular cəlb olunub. Komanda təlim məşq toplanışında olub. Toplanışda olan oyunlar barəsində də bizim heç bir məlumatımız yoxdur. Yəni komandalar hansı səviyyədədirlər bilmirik. Amma ilk dəfədir, "Sumqayıt" Konfrans Liqasında iştirak edəcək və bu baxımdan Samir Abasovun qurduğu komanda indi hansı səviyyədə olacaq bilmirik. Amma macarlarla düşdük. "Fehervar" zəif komanda deyil. Rəqib komandada demək olar ki, əcnəbi yerli futbolçuların tandemi böyük bir üstünlük təşkil edir və mətbuatdan oxuduğumuz qədəri ilə "Fehervar" böyük və tanınmış klub deyil. Amma zəif bir komanda da deyil. Hər halda bu komanda ilə mübarizə aparmaq olar. Amma "Sumqayıt" üçün də ilk illərdə təcrübəsizlik demək olar ki, ağır olacaq. 

“Makkabi” də çox təcrübəli komandadır. Açıq deyim ki, İsrail futbolu həmişə öz sözünü deyib. Düzdü keçilməz deyil, amma onlar da texniki futbola üstünlük verirlər. Daha çox texniki-taktiki futbolla məşhurdular. Hücum xəttində hər zaman keyfiyyətli futbolçuları olub. Bu baxımdan “Sabah” üçün də bir qədər çətin görünür. Ümumən ilk oyunda nəticələr əldə etməliyik ki, növbəti dəfə daha da rahat olsun. “Sabah”ın baş məşqçisi üçün də ilk sınaqdı. Hər halda məşqçinin də işi belə oyunlarda görünür. Görək bu oyunlarda komandanın gücü nədən ibarət olacaq. Amma ümumilikdə, 3 komandanın üçü üçün də ağır olacaq. Amma maksimum diqqətli olub inamlı futbol oynasalar, nəticə uğurlu olacaq. Amma bizlər üçün asan oyunlar olmayacaq".

 

0