"Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"
26.09.2024 - 15:54
"Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"

"Qarabağ"ın sabiq futbolçusu, 2015-2016 mövsümündə Ağdam klubunun Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə qarşı keçirdiyi görüşdə əsas heyətdə meydana çıxan və London klubuna qarşı oynayan Cavid Tağıyev apasport.az saytına müsahibə verib. O, Azərbaycan çempionunun 9 il əvvəlki "Tottenhem"ə qarşı matçını xatırlayıb və bugünkü görüşdən gözləntilərini açıqlayıb. 

- "Qarabağ" bu gün "Tottenhem"lə oyuna çıxacaq. Səncə, "Qarabağ" Londonda hansı nəticəni göstərə bilər?
- Hər şeydən əvvəl, "Qarabağ"a bugünkü matçda uğurlar arzulayıram. İnanıram ki, hər zaman olduğu kimi "Qarabağ" layiqli mübarizə aparacaq. Məncə, komandamız London səfərindən ən azından 1 xalla dönəcək. Çünki komanda öz oyunu ilə hər şeyi sübut edib. "Qarabağ"a inanıram.

- Ümumiyyətlə, matçdan öncə favorit "Tottenhem"dir. Bəs, "Qarabağ" aradakı səviyyə fərqini nəyin hesabına və necə aradan qaldıra bilər?
- Favoritin "Tottenhem" olmasını başa düşmək olar. Çünki onlar İngiltərə Premyer Liqasında çıxış edirlər. İngiltərə çempionatının hansı səviyyədə olduğunu bilirik. Orada bütün komandalar güclüdür. Aradakı fərq hər kəsə bəllidir. Amma "Qarabağ" da artıq Avropada təcrübəli klubdur. İllərdir biz görürük ki, "Qarabağ" rəqibin kimliyindən asılı olmayaraq, hər zaman meydanda öz futbolunu oynayır. "Qarabağ" taktikasını dəyişməyən klubdur. Ona görə də, komandamızdan uğurlu nəticə gözləmək olar.

- Matçla bağlı proqnozun necədir? Hesab necə olacaq?
- Əlbəttə ki, "Qarabağ"ın qələbəsi hamımızı sevindirərdi. Ümid ediərm ki, ən azından heç-heçə olacaq. Çətin olacaq, bəllidir. Bu oyunla bağlı ümidliyəm.

- 2015-ci ildə "Tottenhem"ə qarşı keçirilmiş matçda sən də meydana çıxmışdın. Özü də, start heyətində yer almışdın. Həmin oyunu necə xatırlayırsan?
- Hər bir futbolçunun arzusudur ki, böyük klublara qarşı, güclü azarkeş dəstəyi qarşısında oyunlara çıxsın. Mən də həmçinin... "Qarabağ"ın sayəsində bu cür hissləri yaşamışam. Həqiqətən də möhtəşəm anlar, unudulmaz hisslər idi. Təbii ki, matçı çox yaxşı xatırlayıram. Çox maraqlı, gərgin və gözəl oyun idi.

- Maraqlıdır, həmin görüşə komanda hansı əhval-ruhiyyədə, hansı motivasiya ilə çıxmışdı? Həmin vaxtı xal qazanmağa da yaxın idiniz...
- Qurban Qurbanov tək həmin oyunda yox, hər oyunda komandaya yaxşı motivasiya verirdi. "Tottenhem"lə görüşdən öncə kollektivdə çox yaxşı əhval-ruhiyyə var idi. Oyuna da yüksək motivasiya ilə çıxmışdıq. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir, hesabda da önə keçmişdik, ilk qolu biz vurmuşduq. Sonradan isə "Tottenhem"in ustalıq səviyyəsi özünü göstərdi. Amma layiqli mübarizə aparmışdıq. 

- "Qarabağ" indi daha güclü komandadır, yoxsa həmin vaxtı daha güclü idi? İndiki və əvvəlki "Qarabağ" bir-birindən nə ilə fərqlənir?
- O vaxtdan indiyə qədər heyətdə çox dəyişiklik olub. Komandanın oyun planında da dəyişiklik olub. İndi "Qarabağ" daha sürətli futbol oynayır. Çünki futbol özü hər il dəyişir. Amma "Qarabağ" indi güclüdür, yoxsa əvvəl güclü idi?" sualına cavab verə bilməyəcəm. "Qarabağ"a "Tottenhem"lə görüşdə uğurlar arzulayıram. Ümid edirəm ki, Londonda yaxşı nəticə qazanacaqlar.

0