Vaqif Cavadov: "Az danışmağa başlamışam"
10.03.2025 - 19:38
Vaqif Cavadov: "Az danışmağa başlamışam"

Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

"Çətin vəziyyətdə idik. Bugünkü oyun vacib idi. Uşaqlar gözəl oyunla qələbə qazandı. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Onlara uğurlar arzu edirəm".

Son bir həftədə nəsə dəyişdi?
– Az danışıram (gülür).

– “İstefa buludları” dağıldı?
– Gənc məşqçiyəm. Komandanı çətin durumda götürdüm. Əsas olan kollektivin birliyidir. Psixoloji cəhətdəm hazır olmaq vacib idi. Bu gün qələbə qazandıq, indi növbəti oyuna hazırlaşacağıq.

Son bir həftədə futbol ictimaiyyəti sizi istefaya hazırlamışdı. Özünüzü necə köklədiniz?
– Əsas olan inamdır. Rəhbərlik və komanda mənə inandı. Mətbuat da dərk etməlidir ki, gəncəm və belə situasiyalardan çıxmaq vacibdir. Məşqçi kimi enişi də, yüksəlişi də bacarmalısan. Vacib üç xal qazandıq. Az danışıb, çox iş görməliyik.

Tez-tez “az danışmaq” məsələsinə toxunursuz. Bu, sizinçün təcrübə oldu?
– Hər zaman mətbuata açıq olmuşam. Nə sual versəniz, cavab verməliyəm. Komanda üçün əlimdən gələni edir, gecə-gündüz çalışıram. Bəzi məqamlar var ki, onları keçməliyik. Futbolçulara təşəkkür edirəm. Uzun müddət qol vurmamaq məşqçi, futbolçu üçün təzyiqdir. Buna dözmək güclü olanlara xasdır.

Qələbə qazansanız da, çoxlu qol imkanlarını qaçırdınız. Bu, narahat etmir?
– Yaratdığımız qol imkanlarının bəzilərini dəyərləndirdik. Bu gün qol vurmaq üçün hər şeyi etdi.

Yeni oyunçuların uyğunlaşdığı hiss edilir…
– Yenədə vaxt lazımdır.

Müdafiədən çıxanda sanki çox top itirirsiniz. Bu, nə ilə bağlıdır?
– Psixologiya ilə bağlıdır. Komandada səhv etmək qorxusu var idi. Vəziyyəti dərk edirdik. Bugünkü oyun situasiyadan çıxmaq üçün önəmli olacaq.