Vidadi Rzayev: “Başa düşə bilmirəm, sponsor ABŞ-dən piyada gəlir?”
14.04.2025 - 17:48
Vidadi Rzayev: “Başa düşə bilmirəm, sponsor ABŞ-dən piyada gəlir?”

Azərbaycanlı futbol mütəxəssisi Vidadi Rzayevin apasport.az saytına müsahibəsinin (ilk hissəsi) davamı...

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” görüşü ilə bağlı fikirləriniz necədir?
- Əsas intriqa odur ki, bu iki komanda Premyer Liqadan avrokuboklara düşə bilmir. “Turan Tovuz”un taleyi “Araz-Naxçıvan” və “Qarabağ”dan asılıdır. “Sabah” və “Neftçi”nin isə 3-cü və ya 4-cü yerə çıxmaq şansı yoxdur. Riyazi olaraq var, amma bu cür oyunlarla “Araz-Naxçıvan” və ya “Turan Tovuz”u keçməkləri çətin görünür. “Sabah” - “Neftçi” oyununa qayıdası olsaq, qalib mühakimə olunmur. Ola bilər ki, hər şeyə əl atırlar. Çünki cavab görüşü hər iki komanda və baş məşqçi üçün çox vacibdir. Hər ikisinin finala çıxmaq şansı var. Artıq rəqib meydançasında vurulan qol o qədər önəm daşımır. Fikrimcə, ilk oyundakı nəticəyə baxmayaraq, “Neftçi” və “Sabah”ın şansları eynidir. “Qarabağ” və “Araz-Naxçıvan”ın da final şansı eynidir. İlk matçlar minimalhesablı qələbələrlə başa çatıb. Özü də, səfər oyunu anlayışı da yoxdur. Hər dörd klub həm ev, həm də səfər görüşlərini Bakıda oynayır (gülür).

- Finalın adı necə olacaq? Proqnozunuz necədir?
- Neçə vaxtdır ki, mənim proqnozlarım düz çıxmır. Amma soruşursuzsa, deyim də (gülür). “Qarabağ” və “Araz-Naxçıvan” avrokuboklara vəsiqəni təmin edib. Yerdə qalır 3 komanda. Arzu edərdim ki, “Neftçi” finala çıxsın. Amma ümumilikdə bütün klublarımıza uğurlar arzulayıram. Proqnoz vermək çətindir. “Neftçi”nin finala çıxmasını istəyərdim. Amma məncə, “Qarabağ” – “Sabah” finalı olacaq.

- Söz “Neftçi”dən düşmüşkən, Roman Qriqorçukun gəlişindən sonra gözləntilər yüksək idi. Amma onu postundan göndərdilər və hazırda komandanın baş məşqçisi Samir Abasovdur. Sizcə, nəsə yaxşıya doğru dəyişir?
- Roman Qriqorçuk transferlər etdi. Futbolçunu gətirirlər, müqaviləni “zırrayırlar” 2-3 il, gəl indi onun əlində qal, ol onun kəbinli arvadı ki, görək nə vaxt müqaviləsi bitəcək. Ya da təzminatını ödəyim ki, futbolçunu göndərim. Gətirəndə işıq yeri qoymalı idilər. Roman Qriqorçuk həmin futbolçuları gətirdi və 2-3 illik müqaviləyə qol çəkdirdi, özü getdi, amma futbolçuları burda qaldı. Samir Abasovun qışda transfer üçün vaxtı var idi. Amma müəyyən şərtlər var. Heyətdə nə qədər futbolçu mövcuddur. Burda tək baş məşqçinin günahı yoxdur. Orda menecerlər var, onların səhvləri, günahlarıdır. Baş məşqçi yoxdur, komandaya yeni transferlər edirlər. Yeni gələn baş məşqçi deyir ki, ay qardaş mən bu futbolçunu istəmirəm axı, niyə bu oyunçunu alıb gətirirsiz? Təsəvvür edin, mən “Neftçi”yə baş məşqçi gəlirəm, məndən qabaq artıq transferlər ediblər. Belə anarxiya olmaz. Samir Abasovun da vaxtı var idi, bundan yaxşı çıxış etmək olardı. Yəqin ki, nəsə problemləri var, o, klubun içindədir. Özləri araşdırıb, tapmalıdırlar. Mənə elə gəlir ki, “Neftçi”də ən böyük problem futbolçu transferlərində olub. 

- Sizin üçün doğma sayılan “Kəpəz”də vəziyyətin yeni sezondan daha yaxşı olacağı gözlənilir. Yeni rəhbərlik, yeni stadion, yeni büdcə ilə daha güclü “Kəpəz” görəcəyinizi düşünürsüz?
- Hələ ki, sponsorun gəlməsi sözdə var. Deyirlər ki, sponsor indi gəlir, bu dəqiqə gəlir. Amma başa düşmürəm ki, ABŞ-dən piyada gəlir, nə edir? Açıqlama vermirlər, nəsə demirlər. Sənədləşmə getdiyini deyirlər, nə sənədləşdirməsidir ki? Bütün dünyanın iqtidasiyyatını sənədləşdirirlər? Burda nə var ki? Nə çətin işdir? “Mingəçevir”ə yeni sponsor gəldi, qısa müddətdə sənədlər imzalandı, vəssalam. “Kəpəz”də isə 5-6 aydır deyirlər sponsor gəlib, hələ də sənədləşdirmə gedir. Nəyi sənədləşdirirlər? Allah eləsin ki, olsun, “Kəpəz” də iddialılar sırasında yer alsın. Kim istəmir ki? Amma ortalıqda bir şey yoxdur. Əvvəlcədən də demişdim ki, klubların heç biri sponsorsuz olmayacaq. I Liqada da klubların sponsorunun olacağına inanıram. Ən yaxşı cəhət bu oldu. Bütün klublara sponsor tapılacaq.

Qeyd edək ki, Rzayev karyerası ərzində “Kəpəz”, “Neftçi”, “Dinamo” (Gəncə), “Terek” (Rusiya), “Turan Tovuz”, “Erzurumspor” (Türkiyə), “Şəmkir”, “Qarabağ”, “Sanat Mes Kerman” (İran) və “Olimpik” klublarında çıxış edib. O, həmçinin Azərbaycan millisinin şərəfini qoruyub.