“Viktoriya”nın futbolçusu: “O vaxt bəxt sayəsində qələbə qazanmışdıq”
16.08.2022 - 19:53
“Viktoriya”nın futbolçusu: “O vaxt bəxt sayəsində qələbə qazanmışdıq”

“Altı il öncə burada keçirdiyimiz oyun çox yaxşı yadımdadır. Stadion əla vəziyyətə idi. Biz həmin vaxt qələbə qazanmışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” (Plzen) klubunun futbolçusu Yan Kopits Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşə hazır olduqlarını bildirib: “Yüngül zədədən əziyyət çəkdiyimi etiraf edirəm. Amma bunun mənə hər hansı çətinlik yaradacağını düşünmürəm. “Qarabağ” güclü komandadır. Rəqibin oyun üslubu dəyişməyib, hücum futbolu sərgiləyir. Sabah müdafiə futbolu oynayıb, əlimizə düşən şanslardan istifadə etmək istəyirik”.

Kopits “Qarabağ”ın böyük azarkeş kütləsinə malik olduğunu söyləyib: “Üzərimizdə təzyiq olacaq. Ancaq biz qalib gəlib, mərhələ adlamaq istəyirik. O vaxt bəxt sayəsində qələbə qazanmışdıq. Sabah isə şansa bel bağlamaq niyyətində deyilik. Öz oyunumuzla uğur qazanmaq fikrindəyik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.

0