“Viktoriya”nın xilaskarı: “Qarabağ”da fərdi keyfiyyətlər möhtəşəmdir”
18.08.2022 - 11:03
“Viktoriya”nın xilaskarı: “Qarabağ”da fərdi keyfiyyətlər möhtəşəmdir”

“Bakıda çox işim olacağını gözləyirdim”.

Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” (Plzen) klubunun qapçısı Yindrjix Stanek Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

Bir neçə epizodda komandasını qoldan xilas edərək, 0:0 hesabı ilə yekunlaşan qarşılaşmanın qəhrəmanına çevrilən 26 yaşlı qolkiper cavab matçı barədə nikbin danışıb: “Qarabağ” inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır və futbolçularında fərdi keyfiyyətlər möhtəşəmdir. Onların tempinə artıq öyrəşdim. Cavab oyununu öz meydanımızda keçirəcəyik. Evdə oynamaq hissi həmişə daha yaxşıdır. İnanıram ki, doğma azarkeşlərimiz önündə qələbə qazanaraq, Çempionlar Liqasına yüksələcəyik”.

Çexiya millinin üzvü Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən kapitanları Lukaş Heydanın Plzendəki qarşılaşmanı buraxmasına da münasibət bildirib: “Plzendəki oyunda Heydadan ötrü darıxacağıq. O, bizim kapitanımız, ən yaxşı müdafiəçimizdir. Amma inanıram ki, komandada elə keyfiyyət var ki, digər futbolçular onu əvəz edə biləcəklər”.

Qeyd edək ki, avqustun 23-də Plzendəki “Duşan Arena”da keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0