Vüqar Əsgərli: "Şamaxı"ya qayıtmaq istəyərəm, amma..." - Müsahibə
29.05.2024 - 17:56
Vüqar Əsgərli: "Şamaxı"ya qayıtmaq istəyərəm, amma..." - Müsahibə

"Şamaxı" 2024/2025 mövsümündə yenidən Premyer Liqada çıxış edəcək. Ötən mövsüm komandanı çalışdıran və bu mövsümə də "Şamaxı"da baş məşqçi kimi başlamış Vüqar Əsgərli sonradan komandadan ayrıldı.

Apasport.az saytına müsahibə verən Əsgərli bölgə klubunun yenidən yüksək liqaya vəsiqə qazanması haqda danışıb. 

- Sabiq komandanız "Şamaxı" Premyer Liqaya vəsiqə qazandı. Onların bunu edəcəyinə inamınız var idi? Sizcə, necə bacardılar?
-
"Şamaxı"nın yüksək liqaya qayıtması münasibəti ilə təbrik edirəm. Onların Premyer Liqaya qayıdacağına tam olaraq inanırdım. Başqa nəticə haqda heç vaxt düşünməmişəm də. Belə də, gözlədiyim nəticə oldu, bu komanda yüksək liqaya qayıtdı. 

-Demək olar ki, bu komandanı yığan siz olmuşdunuz. Maraqlıdır, niyə vaxtı ilə qalıb komandada işləyib Premyer Liqaya çıxarmadız? Komanda yüksək liqaya qayıtdı deyə, komandada qalmamağınızla bağlı hansısa peşmançılığınız var?
-
Bəli, komanda demək olar ki, bizim vaxtımızda yığılan heyətlə çempion oldu. Niyə qalmadım? Çünki qalsaydım, bəlkə də, bu gün komanda Premyer Liqaya qayıda bilməyəcəkdi. Bəzi problemlər yalnız futbolla bağlı olmur. Vaxtı ilə ayrılmağıma görə, peşman deyiləm. Özümdən daha çox klubu fikirləşirdim. Ona görə də, belə alınmışdı. Əsas odur ki, "Şamaxı" Premyer Liqaya qayıtdı.

- Səncə, baş məşqçi postunda qalsaydınız "Şamaxı" yüksək liqaya çıxmamaq ehtimalı olardı, yoxsa bunu istənilən halda edəcəkdi?
-
"Şamaxı" oyun dəst-xətti ilə əvvəlcədən çempionluğa layiq idi. Bunu ilk turlardan da görmək olardı. Məndən sonra da həmin oyun sistemi ilə yola davam edildi. Komanda öyrəşdiyi planla çempion olmağı bacardı.

- "Şamaxı"nın bu uğurunda özünüzün də pay sahibi olduğunu düşünürsüz?
-
Bu suala mən cavab verə bilmərəm. Nəsə deməyim. Fikrimcə, kənardan hər şey daha yaxşı görünər. 

- Necə düşünürsüz, "Şamaxı" rəhbərliyi Premyer Liqa üçün sizi baş məşqçi postuna qaytarar? Dəvət ola biləcəyinizi ehtimal edirsiniz, yoxsa "Şamaxı" dəftəri bağlanıb? 
-
 Həm mən, həm də "Şamaxı" klubunun rəhbərliyi peşəkar insanlarıq. Bu məsələlər təklif, şərtlər, məqsədlər üzərində qurulur. Əgər ortaq nöqtələrimiz olsa, qayıtmaq istəyərəm.  Amma qeyd etdiyim məsələlər önəmlidir.

- "Şamaxı" Premyer Liqada oynayanda əksər insanlar komandaya legioner lazım olduğunu bildirirdi. Necə düşünürsüz, bölgə klubunda yeni sezon legionerlər olacaq? Bu klubun yenidən Birinci Liqaya düşməməsi üçün hansı məsləhətiniz olardı?
-
Bilirsiz, biz başlayanda klubun bəlli strategiyası var idi. Bu isə ən azından strategiyanın olmamasından daha yaxşıdır. Düşünürəm ki, keçən mövsümdə də "Şamaxı" öz oyunu ilə Premyer Liqadan düşməyə heç layiq deyildi. Biz yüksək liqada qalmağa daha çox layiq idik. İndi "Şamaxı" klub olaraq daha təcrübəlidir və inanıram ki, bu il daha da inamlı olacaqlar. Onlara uğurlar arzulayıram.

0