Vurğun Hüseynov: "Ayrılan futbolçularımızın bəziləri ilə danışmışdım" - MÜSAHİBƏ
30.06.2024 - 14:20
Vurğun Hüseynov: "Ayrılan futbolçularımızın bəziləri ilə danışmışdım" - MÜSAHİBƏ

Öncə aktiv futbolçu karyerasını başa vuracağını deyən Vurğun Hüseynov fikrindən vaz keçib. Belə ki, milli komandamızın şərəfini qorumuş “Kəpəz”in müdafiəçisi daha bir mövsüm də futbolçu kimi oynayacaq. Apasport.az saytına açıqlama verən Hüseynov qərarını dəyişməsini belə açıqlayıb:

"Doğrudur, karyeramı başa vurmaq planımda var idi. Amma Adil Şükürovla danışdıq və belə qərara gəldim ki, daha bir il davam edəcəm. Demək olar ki, keçən mövsüm oynamadım. Bu mövsüm də komandanın içində təcrübəli futbolçu yer alacam. Qarşıdakı illərdə Adil Şükürovun məşqçilər korpusunda yer almaq şansım? Allah qoysa, bizim üçün hər şey yaxşı olsun. Bəli, gələcəkdə Adil müəllimin yanında ola bilərəm. Zaman hər şeyi göstərəcək. İndi növbəti mövsümkü çıxışımıza fokuslanmışıq".

O, Gəncə klubunun yeni sezon hansı nəticəni göstərə biləcəyini də ehtimal edib. Bununla yanaşı, komandanı bir çox futbolçunun tərk etməsinə aydınlıq gətirib:

"Ötən mövsüm yaxşı kollektiv formalaşmışdı. Bunun da bəhrəsini gördük və Premyer Liqada qaldıq. 2024/2025 mövsümündə də məqsədimiz liqada qalmaqdır. Allah qoysa, komandaya sponsor gələr və biz daha yuxarı yerlər uğrunda oynayarıq. Mənim üçün "Kəpəz"də olmaq xoşdur. Bu gün mən "Kəpəz"ə lazımamsa, əlimdən gələni edəcəm ki, komandada hər şey yaxşı olsun. Düzü, ayrılan futbolçularımızın bəziləri ilə danışmışdım. Amma daha yaxşı şərtlərlə başqa komanda ilə müqavilə imzaladılar".
 

0