Yens Anderson: "Öz oyunçularımızı yetişdirmək istəyirik"
19.04.2024 - 13:21
Yens Anderson: "Öz oyunçularımızı yetişdirmək istəyirik"

"Neftçi" kimi böyük kluba gəlmək çox həyəcanvericidir".

Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin idman direktoru Yens Anderson mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis klubdakı yeniliklərlə bağlı danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Son müddətdə klubda bir neçə islahalat etmişik. İdman departamentinin sturukturunu dəyişdik. "Neftçi"yə ilk gələndə şəraitlə bağlı təəccübləndim. Bizim təlim-məşq bazasında çox gözəl binamız var. Amma təəssüf ki, binanın içi tamamilə boş idi, ondan istifadə edə bilmirdik, biz konteynerlerdə çalışırdıq. Bu miqyasda klub üçün yolverilməzdir, düzgün deyil. Əvvəldən də təmir planlaşdırılırdı. Planı dəyişdik və bazanın birinci mərtəbəsində kifayət qədər yeniliklər etdik. Bunun sayəsində oyunçuların gündəlik işlərini mümkün qədər peşəkar etməyə çalışacağıq ki, bu, "Neftçi"də çalışma mədəniyyəti yaratsın. Eyni zamanda klubda yeni skaut fəaliyyətinə kifayət qədər vaxt və diqqət ayırmışıq.

Biz uzunmüəddətli transfer mövsümünə daxil olacağıq. Hazırki heyətdə yaşlı oyunçular kifayət qədər çoxdur. Bu dəqiqə skaut komandamızı maraqlandıran məsələ, düzgün xarakterə malik olan oyunçular tapmaqdır. Çünki indiki bazamızda əvvəlki dönəmlərlə müqayisədə daha çox çalışmaq lazım olacaq. Bazanın qurulmasını çox vaxt sərf edirik. Təbii ki, bunun nəticəsini sabah "Zirə" ilə görüşdə görməyəcəksiz. Bəzən irəliyə 2 addım atmaq üçün geriyə 1 addım atmaq lazımdır". 

- İdman departamentində sizdən başqa Zaur Əzizov da var. Həm sizin, həm də onun fəaliyyəti nədən ibarətdir?
- Mənim əsas vəzifəm ümumi idman departamentinin fəaliyyətini istiqamətləndirməkdir. Zaur əvvəl idman direktoru kimi çalışıb. Mən yerli deyiləm, ona görə onun təcrübəsi çox dəyərlidir və mənə dəstək verirlər. Zaur mənə daha çox klubdaxili məsələlərdə kömək edir. Akademiyada insanları tanıyır, gündəlik işləri həyata keçirməkdə kömək olur. "Neftçi" kimi böyük klublarda komanda işi olmalıdır. Təbii ki, veriləcək böyük qərarların yeganə məsuliyyət daşıyanı mənəm. Hansısa oyunçu haqqında qərar verməyə gəldikdə, öz skaut komandamızla fikir alış-verişi edəcəm, sonda məşqçinin fikrini də soruşacam. Oyunçunun məvacibi, yaşını nəzərə alaraq, yekun qərarı mən qəbul edəcəm.

- "Neftçi" çoxlu transferləri həyata keçirdi. Bərbad və yararsız transferlər də var. Komandaya cəlb edilən futbolçuları necə dəyərləndirirsiz?
- Hazırda 13 transferin hər birini burada dəyərləndirmək üçün vaxt yoxdur. Qışda Brayan Moreno və Alfa Konte gəldi "Neftçi"yə. Bu oyunçuların hər ikisi gənc futbolçulardır. Onların xarici klublarda oynamaq təcrübəsi var idi. Düzdü, böyük deyildi. Təbii ki, ölkəyə, liqaya, Azərbaycan mədəniyyətinə öyrəşməsi üçün müəyyən qədər vaxta ehtiyacı var. Skautinqdə ən çətin məqam odur ki, oyunçunu transfer edəndə, sizin liqanıza, oyun tərzinizə adaptasiya müddəti nə qədər çəkəcək. Brayan Morenonun oyunun müəyyən qədər görmüşük. Konteni də izləmək şansımız daha çox olacaq. Amma onlar cəmi üç aydır ki, buradadır. Mənim bu yaş qrupunda olan oyunçulardan çox xoşum gəlir. Onlar elə yaşdadırlar ki, ən yaxşı performansını görməmişik, gələcəkdə daha yaxşı performanslarını görə bilərik. Təcrübə və potensialın balansını qorumağa çalışırıq. Yay transferlərinə gəldikdə isə, həmin dövrdə "Neftçi"də deyildim, amma bu transferlər barədə mənə məlumat verilib. Mənə deyildi ki, çox qısa vaxtda transferlər oldu və məşqçinin də onlarla çalışmaq üçün çox imkanı olmadı. Hazırlıq üçün qısa vaxt oldu. Təbii ki, adətən məşqçinin təsdiqlədiyi, bəyəndiyi oyunçuları almaq lazımdır. Əks təqdirdə, bu, problemlər yarada bilər. Bunun səbəblərindən biri qısa hazırlıq vaxtının olması idi. Oyunçunu qiymətləndirməyin ən doğru vaxtı, onun klubu tərk etdiyi vaxtdır. Transferlərdən cəmi 3 ay keçib. Məsələn, Andre Şinyaşiki son zamanlar daha yaxşı oynamağa başlayıblar. Çünki müəyyən qədər adaptasiya dövrü keçiblər.

- İdman direktorunun infrastrukturdan, binanın inşasından danışması qəribədir. Sanki inşaata daha çox meyillisiz. Ümumiyyətlə, təcrübənizdə İdman direktoru bazanın inşası ilə məşğul olması ilə qarşılaşmısız? Binanın inşası nə vaxta yekunlaşacaq?
- Bazanın inşası ilə bağlı təcrübəni İsveç və Danimarkada yaşamışam. Biz bazanın aşağı mərtəbəsinin eskizlərində də müəyyən dəyişikliklər etdik. Öz gündəlik işlərimizdə ehtiyacımız olan şeyləri bilirik və "Beşiktaş"lı həmkarlarımızdan müəyyən məsləhətlər almışıq. Yeni baza "Neftçi" üçün həlledici məqam olacaq. Çünki gündəlik işlərdə bazanın rolu çox böyükdür. "Neftçi" üçün yüksək nəticələr verəcək.

- Azərbaycan Qarabağ problemini həll etdi, amma "Neftçi" baza problemini həll edə bilmədi. Bazanız tam olaraq nə vaxt həll olacaq ki, onda "Neftçi" evinə köçəcək?
- Hazırda orada işçilər çalışır. Çox sürətli işlər gedir. Əvvəlki ssenaridən fərqli olaraq, dəyişiklik baş verir. Bina çox böyükdür, 6 mərtəbədən ibarətdir. Top komanda üçün hər şərait olacaq. Bazanın binası çox böyükdür. Mənə lazım olan üç mərtəbədir. Yeni mövsümə qədər birinci mərtəbə hazır olacaq. İkinci və üçüncü mərtəbənin də inşası payızda hazırlanacaq. Komandanın bazaya köçməsi yeni sezonun əvvəli olacaq.

- Andre Şinyaşiki 21 oyun 1 qol,  Brayan Moreno 10 oyun 2 qol, Alfa Konte 8 oyun qol yoxdu, Lukas Melano 10 oyun qol yoxdu, Reziuan Mirzov 18 oyuna qol vurmayıb. Ümumilikdə 5 hücumameyilli futbolçu, 67 oyun və 3 qol. Həqiqətənmi, “Neftçi” üçün normal bir hücumçu, vinger tapmaq bu qədər çətindir?

- Futbol çox çətin oyundur. Etiraf edim ki, keçən mövsüm bizim üçün uğurlu deyildi. Skaut fəaliyyətində çox böyük fərq yaradır ki, bir-iki oyunçu alırsız, yoxsa 10 oyunçu alırsız. "Bayer"dən oyunçu transfer etmək bizim kluba transfer etmək çox fərqlidir. Çünki onlar formalaşmış komandaya gəlirlər. "Formula 1" maşını kimidirlər. Bizim vəziyyətimizdə olan klublarda oyunçuların bir-birinə alışması üçün zaman lazımdır.

- Sosial şəbəkələrdə deyirlər ki, maaşınız 1 milyon avroya yaxındır. Maaşınızı deyə bilərsiz ki, bu məsələyə son qoyulsun?
- İndiyə qədər heç vaxt mətbautda maaşımı müzkirə etməmişəm. Etməyəcəm də. Klub etimad göstərib, buradakı işimdən çox razıyam.

- Komandanı yayda 10 oyunçunun tərk etməlidir. Kimlər olacaq? 
- Əgər göndərilməsi nəzərdə tutulan futbolçulardan ibarət qara siyahını nəzərdə tutursuzsa, məndə yoxdur. Onu jurnalistlərdən soruşun. Bizim oyunçularımızın bəzilərinin müqaviləsi bitir. Yeni mövsüm üçün müqavilələri olanlar da var. Bizimlə davam edəcək oyunçular da ola bilər. Onları dəyərləndirib, daha sonra qiymət verəcəyik.

- Gələcək planlarla bağlı danışdınız. Bunlar müqavilənizin olduğu 2 illik zamanda baş verəcək?
- Bütün görülən işlər gələcəyə hesablanıb. Uzunmüddətli nəticələr üçün qısamüddətli işlər də görmək lazımdır. Təbii ki, uzunmüddətli və qısamüddətli uğurların balansını tapmağa çalışırıq. Böyük klublardan gözləntilər böyük olur. Bu müddət ərzində uğur əldə etməsəm, buradakı işim də çox davam etməyəcək. Bunu anlayıram. Təbii ki, komandanı sıfırdan yeniləmək, minimum 3 "transfer pəncərəsi" tələb edir. Futbolda asan yollar yoxdur. Bəzən irəliyə iki addım atmaq üçün geriyə bir addım atmalıdır. Biz də bunu edirik.

- "Neftçi" ölkədə ən böyük futbol akademiyasına malik komandadır. Niyə akademiyadan əsas komanda üçün oyunçu çıxmır?
- Hamı istəyir ki, öz oyunçularını yetişdirsin. Ağadadaş Salyanski, Fərid Yusifli, İsmayıl Zülfüqarlı kimi oyunçularımız var. Onlar akademiyada yetişən yaxşı nümunələrdir. İsmayılla Fərid təcrübə qazanıb, yenidən komandaya qaytarılacaq. Akademiyanın inkişafına da ciddi diqqət ayıracağıq. Biz də öz oyunçularımızı yetişdirmək istəyirik.

- "Neftçi"də çox qısa müddətdə oyunçu seçir. Transfer siyasətində bu dəfə fərqlilik nə olacaq? Strategiya necədir, məqsəd avrokuboklardır, yoxsa yerli çempionat?
- Skautinq 12-14 əsas prinsip var. Bizim əsas prinsipimiz canlı olaraq oyunçuları görməkdir. Onların xarakteri də önəmlidir. Komputer vasitəsilə onları filtirdən keçirə bilərik, amma canlı da görmək istəyirik. Videoda onları topla olduğu durumunu görürük, topsuz görmürük. Transferləri şəxsən tanıyaraq seçmək istəyirik. Bizim qısamüddətli hədəfimiz odur ki, hər oyuna qələbə əzmi ilə çıxaq. Hazırda öz heyətimizi planlaşdırmaq yönündə çox çalışırıq. Avrokuboklarda təsnifat mərhələləri tez başlayır. Yeni mövsümün çalışmalarına artıq çalışmışıq. Hazırlıqlara erkən başlamaq, təsnifat mərhələsi çox yaxşı şans verəcək. Burada oturub sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq.

- Azarkeşlərinizin əsas komandanın oyunlarını boykot etməsini necə şərh edəcəksiz?
- Böyük klublarla iş təcrübəm olub. Hansı ki, böyük azarkeş kütləsi var. Çox böyük azarkeşliyi olan klublarda çalışmağı çox sevirəm. Təcrübə etmişəm ki, kluba olan azarkeşlik bəzən qəzəbə, bəzən narazılığa da çevrilə bilər. Bunu çox yaxşı anlayıram və böyük hörmətlə yanaşıram. Amma şəxsi fikrim belədir ki, boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil. Çünki klubu sevirsizsə, həm yaxşı, həm də pis zamanlarda klubun yanında olmaq lazımdır. Bura gələndə, "Neftçi"nin oyunlarında atmosferi görəndə, müsbət mənada çox təəccüblənmişdim. Özüm də görürəm ki, oyunçular stadiondakı atmosfer üçün darıxırlar. İnanıram ki, "Forza" geri qayıdacaq. İstəyərik ki, onları stadionda görək. "Zirə" ilə görüşdə onların dəstəyini görmək istəyərdik. Klub uğur əldə etmək istəyirsə, birlik olmaq lazımdır. Bütün azarkeşlərimizin sabahkı oyunda stadionda olmasını istəyərdim.

0