"Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.
- "Kəpəz" son turda "Səbail"lə görüşdə qələbə qazandı. Həmin oyunu necə dəyərləndirirsən?
- Meydanda planlaşdırdığımızı yerinə yetirə bilmədik. Ən əsası nəticə əldə etdik. Hamı bunu başa düşür. Turnir cədvəli hər şeyi göstərirdi. Ona görə də çox vacib oyun oldu. Qalib gəldiyimiz üçün xoşbəxtəm.
- Bu qələbənizin ardından sonra "Səbail"in baş məşqçisi istefaya getdi. Çünki onların da işi heç də yaxşı getmirdi. Bu haqda nə deyəcəksən?
- “Səbail”də baş verənlər məni maraqlandırmır. Onların heyəti ötən mövsümlə müqayisədə dəyişib. Məncə, bunun da təsiri olub.
- Bu qələbə sayəsində "Səbail"lə xal fərqini 1-ə endirdiniz. Səncə, onları keçmək mümkün olacaq, yoxsa çətin görünür?
- Bəli, xal fərqini azaltmağımız bizi sevindirir. Artıq üçüncü mövsümümü komanda ilə keçirirəm və hər il mövsümə yaxşı başlamırıq. Lakin bu komanda çətin anlarda xarakter göstərir və komanda təzyiq altında xal qazanır.
- "Kəpəz" "Səbail"dən 1, "Neftçi"dən 3 xal geridədir. "Neftçi"ni hazırkı durumda qabaqlamaq realdır?
- İndi cədvəldə ən yaxın rəqibə baxırıq. Addım-addım hərəkət etməliyik. “Neftçi”yə gəldikdə isə, fikrimcə, onlar təkmilləşəcəklər. Daha yuxarı pillələr uğrunda mübarizə aparacaqlar.
- Növbəti turda rəqibiniz "Sabah"dır. Onlar son turda "Sumqayıt"a uduzdu. Masazır təmsilçisini məğlub etmək nə dərəcədə realdır?
- “Sabah”a qarşı keçirdiyim bütün oyunlar maraqlı və gərgin keçib. Özümüzü hazırlayacağıq. Bu vəziyyətdən çıxmaq üçün hər oyunda xal qazanmalıyıq. Ona görə də mümkün olan və olmayan hər şeyi edəcəyik. Çalışacağıq ki, ən yaxşısını bacaraq.
- Artıq üçüncü ildir ki, "Kəpəz"dəsən və hər üç mövsümdə də Premyer Liqada qalmaq uğrunda ağır mübarizədə olmusan. Bu cür mübarizədə olmaqdan yorulmamısan?
- Xeyr, mənim üçün yorucu deyil. Əlbəttə ki, çox çətindir. Bunun üçün çox güc gedir, ən əsası psixoloji cəhətdən hazır olmaq lazımdır. Mən yarışmaqda maraqlıyam, sonra peşman olmamaq üçün bütün mövsümü əlindən gələni etməyə sərf edirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq.