Zaur Həşimov: “Çempionluq mübarizəsində “Neftçi” “Qarabağ”a rəqib kimi görünmür” - MÜSAHİBƏ
04.12.2022 - 11:06
Zaur Həşimov: “Çempionluq mübarizəsində “Neftçi” “Qarabağ”a rəqib kimi görünmür” - MÜSAHİBƏ

“Qarabağ”ın veteran futbolçusu Zaur Həşimov apasport.az saytına müsahibəsi

- “Qarabağ” “Neftçi” ilə görüşdə rəqibinə bütün komponentlərdə üstünlük qazanaraq qalib gəlməyi bacardı. Belə olacağını ehtimal edirdiniz?
- Çətin oyun olacağını gözləmək mümkün idi. Doğrudur, “Qarabağ” bu görüşdə “Neftçi”ni üstələyə bildi. Məntiqli olaraq da, böyük üstünlüklə qələbə qazandı. “Qarabağ”ın hər bir komponentdə “Neftçi”dən üstün olması, aşkar görünürdü. 

- “Neftçi” “Qarabağ”ın qapısı qarşısında təhlükə yaşada bilməməsini nə ilə əlaqələndirirsiniz?
- Məncə, “Qarabağ” bu oyuna yüksək motivasiya ilə hazırlaşmışdı. Rəqibin “Neftçi” olması, son iki görüşdə xal itkisinin baş verməsi, komandanı görüşə yüksək motivasiya ilə çıxmasına məcbur edirdi. Məhz bu, “Qarabağ”ın qələbəsində böyük rol oynadı. Futbolçuların yüksək motivasiya və intizamla oynaması ilk dəqiqələrdən görünürdü. 

- Dediyiniz kimi, “Qarabağ” son iki turda xal itirmişdi və Qurban Qurbanov da ötən turdan sonra komandasında yorğunluq olduğunu söyləmişdi. Deyəsən, qısa müddətdə bunu aradan qaldıra biliblər...
- Oyundan əvvəl də bu fikirdəydim ki, Qurban Qurbanov bu hallarla çox rastlaşıb. Bu, vəziyyətdən komandanı çıxara bilib. Yəni, əvvəlki vaxtlarda çətin durumdan necə çıxıblarsa, bu dəfə də, onu edəcəkdilər. “Qarabağ” “Neftçi” ilə matçda çox dinamik idi. Onun da nəticəsi idi ki, komanda dörd qol vuraraq qalib gəldi.

- Artıq demək olar ki, “Neftçi” “Qarabağ” üçün çempionluq mübarizəsində əsas rəqiblərdən deyil?
- “Qarabağ”la “Neftçi” arasındakı xal fərqi 12-yə yüksəlib. İndiki durumda çempionluq uğrunda mübarizədə “Neftçi” “Qarabağ”a rəqib kimi görünmür. Qışdan sonrakı “Neftçi”ni gözləmək lazımdır. Həmin vaxtdan sonra bir söz demək olar. 

- Bəs “Sabah”ın necə “Qarabağ”a çempionluq mübarizəsində çətinlik yaradacağını düşünmək olar?
- Bəli, bu mövsümkü çıxışına görə bunu söyləmək mümkündür. Öz aralarındakı oyunlarda da göründü ki, bu mövsüm “Qarabağ”a ən real rəqib “Sabah”dır. Amma dediyim kimi, qışdan sonrakı mübarizəni və komandaları görüb bir söz demək olar.

- Ağdam klubunun aparıcı üzvü Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı yüksək qiymətləndirilir. Yerli federasiya onu milliləşdirmək üçün FİFA-ya müraciət edib. Gözləmək olar ki, Kadi Polşa millisində oynamağa başlayacağı təqdirdə “Qarabağ”da qalmayacaq?
- Bəli, məsələdən xəbərdaram. Hətta Kadi özü də müsahibəsində Polşa millisində oynamaq istədiyini bildirmişdi. Amma bu amil onun “Qarabağ”dan gedəcəyinə təsir edəcək, ya yox, onu deyə bilmərəm. Hər halda, Kadi “Qarabağ”da aparıcı oyunçulardandır.
 

0