“Zirə” ilə oyunöncəsi “Makkabi”də qalmaqal
26.07.2022 - 09:49
“Zirə” ilə oyunöncəsi “Makkabi”də qalmaqal

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”sində qalmaqal yaşanıb.

Apasport.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, klub gənc futbolçu Oskar Qluxla bağlı problemlə üzləşib.

18 yaşlı hücumçunun ötən həftə Bakıdakı ilk qarşılaşmanın 88-ci dəqiqəsində son əvəzetmə kimi meydana daxil olması atası Maksim Qluçu qəzəbləndirib. Nəticədə o, matçdan sonra baş məşqçi Vladimir İviçin üstünə hücum çəkib, hətta yerli mətbuata açıqlamasında sərt şəkildə tənqid edib: “Axmaq məşqçi. Elə buna görə onu İngiltərədən qovdular. Onu it kimi küçəyə atdılar, yoxsa ulduzları oynamağa qoymazdı. İsraildə buna görə onu qovmayacaqlar. Amma ümid edirəm ki, oğlum bu məşqçi ilə eyni komandada qalmayacaq”.

Oskar Qluxun atası daha sonra sözlərinin mətbuatda yayılmasından təəssüfləndiyini, “Makkabi”ni incitmək istəmədiyini desə də, futbolçunun Təl-Əviv klubunda qalması artıq inandırıcı görünmür. Vladimir İviç “Zirə” ilə cavab görüşündə onu start heyətində meydana buraxmağı planlaşdırırdısa, indi oyunçunun komandadan uzaqlaşdırılması gündəmdədir. Qlux çox güman ki, cavab matçının iştirak ərizəsində olmayacaq. Rəhbərlik bu günlərdə iclas keçirərək, futbolçunun satılması məsələsini müzakirəyə çıxaracaq.

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən ilk oyunda “Makkabi” “Zirə”ni 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında iyulun 28-də “Blumfild” stadionunda baş tutacaq cavab görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
 

0