“Zirə”nin baş məşqçisi: “Qarabağ”ın rekordunu kiminsə təkrarlayacağına inanmıram”
26.08.2022 - 23:13
“Zirə”nin baş məşqçisi: “Qarabağ”ın rekordunu kiminsə təkrarlayacağına inanmıram”

“Qarabağ”ı böyük uğura görə təbrik edirəm. Çox böyük nailiyyət göstərdilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov keçmiş klubu “Qarabağ”ın avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.

Gənc mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə oyunlarına da münasibət bildirib: “Dünən bir futbol adamı ilə “Qarabağ”ın uğurlarını müzakirə edirdik. Bu klub elə rekordlara imza atdı ki, nəinki Azərbaycanda yox, bu, Avropaya da aiddir. Maraqla baxaq görək, bundan sonra hansısa klub eyni mövsümdə Polşa, İsveçrə, Macarıstan çempionunu Çempionlar Liqasından kənarlaşdıra biləcəkmi? Mən buna inanmıram. Hər hansısa klub pley-offda 9-cu dəfə məğlub olacaqmı? Bu rekordu kiminsə təkrarlayacağına da inanmıram. “Viktoriya” ilə ilk oyunda hər iki komanda səhv etməkdən ehtiyatlanırdı. Xüsusən də, Çexiya klubu çox ehtiyatlı oynayırdı. Belə olanda hücum eləməyə məcbursan. “Qarabağ” qol epizodları da yaratdı. Amma istifadə edə bilmədilər. Cavab görüşündə komanda 1:0 hesabı ilə öndə idi, hamımız ikinci qolu gözləyirdik. Hücumların davam etdiyi vaxtda “Ferensvaroş”la oyunu gözümün önündə canlandırdım. Bir anda buraxılan qol istər-istəməz təcrübəli rəqibə üstünlük verdi. Həmin dəqiqə qırılma nöqtəsi idi”. 

Qeyd edək ki, mübarizəni Avropa Liqasında davam etdirəcək “Qarabağ” qrup mərhələsində “Frayburq”, “Olimpiakos” və “Nant”la qarşılaşacaq.

0