“Zirə”nin futbolçusu: “Yaxşı oynamadıq, bir az da bəxtimiz gətirdi”
24.11.2022 - 12:35
“Zirə”nin futbolçusu: “Yaxşı oynamadıq, bir az da bəxtimiz gətirdi”

“Eden Azarın dünən özünü yaxşı hiss etməsinə şadam. Çünki o, bu komanda üçün çox önəmlidir”.

Bunu apasport.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Loris Broqno Belçika yığmasının Qətərdə keçirilən dünya çempionatında Kanada ilə oyununa münasibət bildirərkən deyib.

Belçikalı yarımmüdafiəçi həmyerlilərinin 1:0 hesablı qələbəyə baxmayaraq, yaxşı oyun sərgiləmədiyini etiraf edib: “Ən vacibi 3 xal qazanmaq idi. Amma Belçika yaxşı oynamadı, bir az da bəxtimiz gətirdi. Tibo Kurtua penalti zərbəsini dəf etməsəydi, qarşılaşma tamamilə fərqli olacaqdı. Fasiləyə az qalmış yaxşı vaxtda qol vurduq”.

30 yaşlı hücumameyilli oyunçu yığmalarından II turda Mərakeşlə keçirəcəyi matçda daha uğurlu performans gözləyir: “Turnirin ilk turunda bütün böyük komandalar çətinliklə üzləşdilər. Ümid edirəm ki, Mərakeşlə növbəti görüş Belçika üçün yaxşı alınacaq”.

Broqno Belçika millisinin dünya çempionluğunu qazanmaq şanslarını da dəyərləndirib: “Yalnız Kanada ilə oyuna əsasən qiymət versək, Belçika dünya çempionu ola bilməz. Lakin mundialın qalibi olmaq üçün sizə şans lazımdır. Təbii ki, bununla yanaşı, daha yaxşı oynamalısınız”.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək Belçika – Mərakeş oyunu Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
 

0