
“Bu Kubok bizim üçün çox böyük əhəmiyyətə malikdir".
Apasport.az xəbər verir ki, bunu NTD klubunun prezidenti Bəhram Abdinov deyib.
O, Azərbaycan kubokunun finalında qazandıqları qələbəni belə şərh edib:
"Tamamilə fərqli emosiyalar yaşayırıq. Son üç ildə Azərbaycanda basketbol fərqli səviyyəyə çatıb. Və əvvəlki iki mövsümdə həm çempionatda, həm də Kubokda son anda dayanırdıq. Buna görə də bu qələbə bizim üçün çox vacibdir. Maraqlı olan budur ki, bu mövsümdə heç kim bizi ciddi qəbul etmirdi. NTD liqada A qrupunda sonuncu yerdədir. Bəzən belə olur. Biz komandamızı yenidən qurduq, oyunlara yaxşı hazırlaşdıq və layiqli titulu qazandıq. Ən sevindirici isə odur ki, heyətimizdə yerli 16 yaşlı uşaqlar da oynadı. Murad Babayev nə yarımfinalda, nə də finalda oynadı. Onun yerinə çıxış edən gənc oyunçular isə qələbəmizə böyük töhfə verdilər. Bu məni çox sevindirir”.
Qeyd edək ki, NTD Azərbaycan Kubokunun finalında "Gəncə"ni məğlub edib - 81:72.