"Sumqayıt"ın legioneri: "Yeməklərinizi çox bəyənirəm" - Açıqlama
14.11.2024 - 15:32
"Sumqayıt"ın legioneri: "Yeməklərinizi çox bəyənirəm" - Açıqlama

“Sumqayıt”ın basketbolçusu Derrik Nyuton klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, amerikalı forvard əvvəlcə komandanın ilk 3 oyunda məğlubiyyətlərindən danışıb:

“İlk turda “Ordu” ilə matça çox yaxşı başlamışdıq. Amma Saadettin Donatın fol limiti ilə üzləşib kənarda qalması işimizi çətinə saldı. Nəticədə rəqib təşəbbüsü ələ aldı və qalib gəldi. “Lənkəran”la matçın gedişində isə onun zədələnməsi bütün planlarımızı alt-üst etdi. Nəticədə yenə də üstünlüyümüzü əldən verib uduzduq. “Şəki” ilə matçda isə zədəlilərlə bağlı problemlər məğlubiyyətimizə yol açdı”. O, indiki vəziyyətdə pley-offa vəsiqə haqda proqnoz verməyin yersiz olduğunu bildirib: “İndidən danışmaq tezdir. Hələ komandaya yeni oyunçular cəlb edilməlidir. Məhz onların gəlişindən və “Sumqayıt”a verəcəkləri xeyiri görəndən sonra pley-off haqda danışmaq olar”. Məğlubiyyətlərə baxmayaraq, Nyuton komandadakı atmosferdən məmnun olduğunu söyləyib: “Kollektivdə ab-havaya söz ola bilməz. Oyunçular bir-biri ilə dostdur, biz bir ailə kimiyik. Elə Sumqayıt sakinləri də bizə dəstək verir. Təəssüf ki, biz onları hələ də sevindirə bilmirik”

Nyuton Azərbaycan çempionatının səviyyəsi haqda da fikirlərini bölüşüb: “Liqanın səviyyəsini yüksək qiymətləndirirəm. Komandaların 4 əcnəbi və 1 yerli ilə mübarizə aparması bizə meydanda daha çox vaxt keçirməyə imkan yaradır”.

Derrik ölkəmizdə özünü çox rahat hiss etdiyini də bildirib: “Hər şey əladır. Yeməklərinizi çox bəyənirəm. Sumqayıtda özümü çox rahat hiss edirəm. Ümumiyyətlə Azərbaycanı çox sevirəm. Hələ Bakının özü bir ayrı aləmdir. O ki qaldı boş vaxtlarıma, TV proqramları izləyirəm, restoranlara baş çəkirəm və “PlayStation” oynayıram”.

0