
"Bizim üçün pis nəticədir. Qol vurduqdan sonra oyuna nəzarəti itirdik. Daha soyuqqanlı oynamalı idik. Üçüncü qolu da buraxa bilərdik. Bizim üçün qəbuledilməzdir. İkinci hissədə əziyyət çəkəcəyimizi bilirdik. Bu oyunu unudub, növbəti matça hazırlaşmalıyıq".
Apasport.az xəbər verir ki, bunu "Aris"in baş məşqçisi Marinos Ouzounidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la ilk matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Araz-Naxçıvan" bütün komponentlərdə rəqibi üstələyərək layiqli qələbə qazandı. Siz də bu fikirdəsiz?
- Bəli, razıyam.
- Bir həftə ərzində nəyisə dəyişmək mümkündür, yoxsa analizdə hansısa səhvlər buraxmısız deyə, artıq gecdir?
- Tamamilə fərqli oyun olacaq. Görəcəksiniz.
- Cavab görüşündə nəyə ümidlisiz?
- İkinci oyunda daha yaxşı olacaq. Bizim bir həftə vaxtımız var. Fiziki cəhətdən bəzi oyunçuların vəziyyəti yaxşı deyildi. Ona görə belə halları gözləyirdik. Təcrübəli oyunçularımız var. Onların yaxşı reaksiya verəcəyini gözləyirəm. Buraxılan qollarda səhvlərə imza atdıq.
- Futbolçularınız kobud davranış göstərirdi. Bu, sizin oyun stilinizdir, yoxsa uduzurdunuz deyə, belə davranırdınız? Üstəlik, bu məqam cavab görüşündə futbolçularınıza psixoloji cəhətdən necə təsir edəcək?
- Biz rəsmi oyun oynayırıq. Bu da normal haldır. İkinci oyunda soyuqqanlı olmalıyıq. İşləyəcəyimiz detallar var. Tam fərqli oyun olacaq.
- "Araz-Naxçıvan"ın avrokuboklarda debütant olması sizə çətinlik yaşatdı?
- Məncə, böyük problem komandamızda idi. Rəqibin necə oynayacağını bilirdik. Daha böyük problem bizim komandada idi. Gözləmirdim ki, birinci oyundan sonra növbəti mərhələyə vəsiqə qazanacağıq. Birinci oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Cavab görüşündə azarkeşlərimizlə birlikdə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik.