Qadın sablyaçılardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kubokunun mərhələsində komanda yarışını 4-cü pillədə başa vurub.
Apasport.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma ilk görüşündə ABŞ seçməsini 45:43 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib.
Komandamız 1/4 final mərhələsində Özbəkistan millisi ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada Azərbaycan sablyaçıları rəqibini yenə 45:43 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıblar.
Millimiz finala yüksəlmək uğrunda mübarizədə sonradan Dünya Kubokunun qalibi olan Macarıstan yığması ilə qarşılaşmalı idi. Lakin əvvəlki görüşlərdə Palina Kaspiaroviç və Zərifə Hüseynovanın zədələnməsi səbəbindən komandamız yarımfinal görüşünə çıxa bilməyib.
Beləliklə, Azərbaycan millisi 21 komandanın iştirak etdiyi Dünya Kuboku mərhələsini 4-cü yerdə tamamlayıb.
Şəxsi yarışlarda isə Anna Başta, Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlasalar da, pley-offda məğlub olaraq əsas mərhələyə yüksələ bilməyiblər. Zərifə Hüseynova isə mübarizəni daha erkən dayandırıb.