Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionu olub
16.07.2008 - 10:48
Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionu olub
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan güləşçisi Mariya Stadnik Slovakiyanın Koşitse şəhərində gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.“APA-Sport” agentliyinin məlumatına görə, yığmamızın ukraynalı legioneri yarışda ardıcıllıqla Anjelika Qlab (Polşa), Elza Tacetdinova (Rusiya) və Karolim Lovqvisti (İsveç) üstələyərək, finala yüksəlib. 20 yaşlı idmançı həlledici görüşdə həmvətəni Maryana Bezrukanı sınağa çəkib. Rəqibindən açıq-aşkar üstün olan M.Stadnik rəqibini asanlıqla məğlub edib. Beləliklə, o, son 3 ayda ikinci dəfə qitə çempionu tituluna yiyələnib. Bu ilin aprelində böyüklər arasında Finlandiyada təşkil olunmuş yarışda da analoji uğura imza atan M.Stadnik qələbə sayəsində Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.
Gənclərin Avropa çempionatında bu gün digər xanım idmançılarımız Nadiya Qradyuk (51 kq) və Sona Əhmədli (59 kq) mübarizəyə qoşulacaqlar.
Sabah isə yunan-Roma güləşçilərinin turniri start götürəcək. İlk gündə Həsən Əliyev (55 kq), Tural Hüseynov (66 kq) və Araz Həsənov (84 kq), iyulun 18-də isə Xurşud Babaşov (50 kq), Kamran Məmmədov (60 kq), Rafiq Hüseynov (74 kq) və Aydın Səfərov (96 kq) döşək üzərinə çıxacaqlar. Sərbəst güləşçilərimiz Xanlar Şirəliyev (50 kq), Yaşar Əliyev (55 kq), Ağəli Ramazanov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Pərviz Məmmədov (74 kq), Roman Bəkirov (84 kq) və Səbuhi Məmmədov (96 kq) iyulun 19-20-da öz bacarıqlarını nümayiş etdirəcəklər.
0