Azad Rəhimov: “Olimpiya mükafatçıları üçün ayrılan mükafatın məbləğinin ikiqat artırılacağı gözlənilir”
18.07.2008 - 13:04
Azad Rəhimov: “Olimpiya mükafatçıları üçün ayrılan mükafatın məbləğinin ikiqat artırılacağı gözlənilir”
Nazir vurğulayıb ki, idmançılarımız qarşıdakı mötəbər yarışda mümkün qədər çox medal qazanmağa çalışacaqlar: “Beynəlxalq yarışlarda 39 lisenziya əldə etmişik və olimpiadada 44 idmançımız mübarizə aparacaq. Mən heç vaxt proqnoz vermirəm. Bu mənada Pekində neçə medal qazanacağımızı söyləyə bilmərəm. Ancaq istənilən halda, mümkün qədər çox mükafata sahib çıxmağa çalışacağıq”. A.Rəhimov lisenziyaların sayının nəzərdə tutulandan – 40-dan az olduğu üçün heç kimin məsuliyyət daşımadığını söyləyib: “Buna görə heç kim heç vaxt məsuliyyət daşımır. Bizdə diktatura deyil. Bəzi ölkələrdən olimpiadaya cəmi 1 idmançı gedəcək. Azərbaycan kimi kiçik ölkədən isə 44 idmançının bu hüquqa yiyələnməsi yüksək göstəricidir”. O, müxtəlif növlərdə ümid bəslədiyi idmançıların adlarını da açıqlayıb: “Olimpiada ölkəmizi 16 güləşçi təmsil edəcək. Onlardan bir neçəsinin fəxri kürsüyə qalxacağına inanıram. Cüdoçulara ümidimiz böyükdür. Boksçu Samir Məmmədov son vaxtlar yaxşı çıxış edir. Zemfira Meftahəddinova Sidney Olimpiadasında olduğu kimi, Pekinə də “wild-card”la yollanacaq. İnanıram ki, o, Sidneydən qızıl medalla döndüyü kimi bu dəfə də mükafat qazanacaq”. A.Rəhimov qeyd edib ki, Çin paytaxtına gedəcək Azərbaycan nümayəndə heyəti iki hissəyə bölünüb. Birinci hissə avqustun 6-da, növbəti hissə isə bundan 10 gün sonra Pekinə yola düşəcək. Avqustun 16-da uçacaq təyyarə Bakıya qayıdarkən birinci hissədə yer alan idmançıları Vətənə gətirəcək. Avqustun 25-də buradan Çinə boş təyyarə gedəcək və qalan idmançılarımız, eləcə də turistlərimiz bu təyyarə ilə geri qayıdacaqlar. Olimpiadaya, həmçinin lisenziya qazanılmış növlər üzrə federasiyaların prezidentlərinin yollanması da planlaşdırılıb. Nümayəndə heyətimizin üzvləri avqustun 8-də keçiriləcək açılış mərasimində ağ, yaxud göylə boz rəngin qarışığından ibarət parad formaları geyinəcəklər. İdmançılara isə İsveçrədən geyim dəstləri sifariş edilib. Olimpiya yığmamızın kapitanı, yəni bayraqdar yunan-Roma güləşçisi Fərid Mansurov seçilib. Nazir bildirib ki, dövlət başçısı İlham Əliyevin idmançılarla vidalaşma mərasimi iyulun 28-də və ya 29-da olacaq. A.Rəhimov olimpiya mükafatçıları üçün ayrılan mükafatın məbləğinin ikiqat artırılacağının gözlənildiyini nəzərə çatdırıb: “Ölkəmizin geniş imkanları var. Biz mükafatın məbləğinin iki dəfə artırılması barədə təklif vermişik”.
Qeyd edək ki, dörd il öncə keçirilmiş Afina Yay Olimpiya Oyunlarının medalçılarına dövlət tərəfindən 100 min (qızıl), 50 min (gümüş) və 25 min (bürünc) ABŞ dolları mükafat təyin olunmuşdu.
0