Azad Rəhimov: “Təəssüf ki, Namiq Abdullayev Pekinə turist kimi gedəcək”
18.07.2008 - 13:36
Azad Rəhimov: “Təəssüf ki, Namiq Abdullayev Pekinə turist kimi gedəcək”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Pekin Olimpiadasına güləş proqramının 55 kq çəki dərəcəsində Namiq Abdullayev, yoxsa Namiq Sevdimovun aparılması məsələsi baş məşqçisinin səlahiyyətlərinə aiddir”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun bildirdiyinə görə, olimpiadada çıxış etməyə hansı idmançının layiq olduğunu aydınlaşdırmaq üçün sparrinq görüşlərin keçirilməsi vacibdir: “Cüdoda və boksda da analoji hallar yaşanır. Yəni, hansı idmançıya şans verilməsi sual doğururdu. Əgər bu məsələdə idman məmurları və jurnalistlər məşqçilərə təzyiq göstərsəydilər, bütün sistem dağılardı. Yaxşısı budur ki, obyektiv seçimi baş məşqçi özü etsin”. Nazir olimpiya çempionu Namiq Abdullayevin üzləşdiyi vəziyyətə görə təəssüfünü gizlətməyib: “Abdullayev də bizimlə birgə olimpiadaya yollanacaq. Ancaq təəssüf ki, o, Pekinə turist qismində gedəcək”.
Qeyd edək ki, Namiq Sevdimov bu ilin aprelində İsveçrədə keçirilən beynəlxalq turnirdə olimpiadaya lisenziya qazansa da, sonradan bu çəkidə Pekinə N.Abdullayevin aparılacağı gündəmə gəlib. Yalnız N.Sevdimovun ötən ay “Qızıl Qran-Pri”nin finalında N.Abdullayev üzərində qələbə qazanmasının ardından güləş yığmamızın məşqçiləri olimpiya çempionunun Pekində döşək üzərinə çıxmasını məqsədəuyğun saymayıblar.
0