
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunçuların inkişaf etdiklərini bildirib:
"Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik".
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).