2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün "Early Bird" – erkən bilet satışına start verilib.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik "Early Bird" endirimi 15 dekabr tarixinədək qüvvədədir.
Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.
Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90 min tamaşaçı ilə son 9 ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda növbəti möhtəşəm yarış mövsümünün canlı şahidi olmaq üçün azarkeşlərə biletlərini erkən əldə etmələri tövsiyə olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev "Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10-cu yubiley buraxılışı üçün bilet satışlarını ilk dəfə bu qədər erkən başlatmaqdan qürur duyduqlarını bildirib:
"İndiyədək qazanılan uğurlarımızı və sürətlə yüksələn əcnəbi azarkeş marağını nəzərə alaraq, bu erkən satış imkanını təqdim etməkdən məmnunuq. Bu təşəbbüs həm yerli, həm də xarici avtosport həvəskarlarının mövsümün ən çox gözlənilən idman tədbirlərindən biri üçün biletlərini erkən əldə etmələrinə şərait yaradır. Bu həm də Bakı yarışında təqdim olunan yüksək səviyyəli xidmətin və unudulmaz yarış təcrübəsinin bariz göstəricisidir".
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb