
"Qaradağ Lökbatan"ın futbolçusu Bahadur Həziyev apasport.az saytına müsahibə verib.
- Oyunla bağlı düşüncələrin...
- Fərqli iki hissə oldu. Birinci yarıda çox qol epizodları yaratdıq, lakin yararlana bilmədik. Fasilədə baş məşqçimiz öz təlimatlarını bildirdi. Amma rəqib də yaxşı çıxış etdi.
- Öz oyunundan razı qaldın?
- İkinci hissədə meydana daxil olduğum üçün oyuna öyrəşməyim bir az vaxt aldı. 10-15 dəqiqə lazımdır ki, tempi tuta biləsən. Özümdən çox da razı qalmadım. Hələ ki, formada deyiləm.
- Son saniyələrdə olan penalti epizodu haqqında nə düşünürsən?
- Birinci fikirləşdim ki, epizod ofsayddır. Lakin sonradan hakim futbolçumuza sarı vərəqə verdi. Oyundan sonra videogörüntüyə də baxdıq. Təmiz penaltimiz verilmədi. Rəqib komandanın qolkiperi belə boynuna aldı ki, həmin epizod penalti idi. Sonuncu dəqiqədə belə bir hadisənin baş verməsi həqiqətən çox maraqlıdır.
- Qapınıza penalti təyin edilən zaman düşündün ki, hər şey bitdi?
- Qol olsaydı, bizim üçün hesabı bərabərləşdirmək çox çətin olacaqdı. Amma görüş 2:2 hesabıyla yekunlaşdı. Qələbə qazana bilərdik.
- Gələcək oyunlarla bağlı nə deyə bilərsən?
- Qarşıdakı oyunumuz “Karvan”a qarşıdır. İtkilərimiz var. Kapitanımız Araz Abdullayev 4-cü sarı vərəqəsini aldı. Baş məşqçimiz qırmızı vərəqə ilə cəzalandırıldı. Ruhdan düşməməliyik. Qarşıdakı matçlara hazırlaşıb, maksimum xallar əldə etməliyik.
- Komanda son 5 matçdır ki, qələbə qazana bilmir. Heyətdə nələr çatışmır?
- Əslində fərdi olaraq götürsək, hamı deyir ki, hücum xəttimiz çox güclüdür. Amma istədiyimiz nəticələri əldə etməkdə çətinlik yaşayırıq. Sadə qollar buraxırıq. Məncə bunların üzərində işləməliyik.
- Müqavilən yaya kimidir. Komanda gələn mövsüm II Liqaya düşərsə, klubdan ayrılacaqsan?
- Heç bir futbolçu və ya komanda II Liqaya düşmək istəməz. Hələ qarşıda oyunlarımız var. Bizim məqsədimiz yuxarı pillələrdir.