
2025-ci ildə Azərbaycan Respublikasında keçiriləcək III MDB Oyunlarına fəal hazırlıq işləri aparılır. Fevralın 24-də müvafiq işçi qrupunun onlayn formatında növbəti iclası olub.
Apasport.az xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İclas iştirakçılarının diqqətinə Oyunlara hazırlığın gedişi ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatı və Bədən Tərbiyəsi və İdman Şurasının təsdiqinə təqdim edilməsi tövsiyə olunan III MDB Oyunlarının Əsasnamə layihəsinə dair təkliflər çatdırılıb.
Qərara alınıb ki, fevralın 28-dək Azərbaycan tərəfinin təklif etdiyi məsul şəxslərlə Oyunların idman növləri üzrə yarışların detallarının (o cümlədən yaş kateqoriyaları) işlənib hazırlanması təklif edilsin.
MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində dövlət orqanlarından Oyunlarda iştirakçıların akkreditasiyası üçün rəqəmsal platformada öz ölkələrinin idman nümayəndə heyətlərinin müraciəti prosesinə cavabdeh olan şəxsləri müəyyən etmək, müvafiq qaydada martın 7-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bu barədə məlumat vermək xahiş olunub.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə, həmçinin Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
İdmanın 23 növü üzrə yarışların keçirilməsi təklif olunur.
Oyunlarda iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.