"İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
15.09.2025 - 14:15
"İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər

Bildiyiniz kimi bu mövsüm Misli Premyer Liqasına yeni qədəm qoyan komandalardan biri də Şamaxı və Qubanı təmsil edən "İmişli" FK oldu. 
Klub rəhbərliyi söz verib və hamımızı inandırıb ki, komanda gələcəkdə adına uyğun olaraq İmişli rayonunu da təmsil edəcək.

Ötən mövsüm 1-ci Liqada ev oyunlarını doğma el-obasında - İmişlidə oynayan komanda artıq ölkəmizin 1 nömrəli çempionatında çıxış edir. Başda rəqiblərini Şamaxı şəhər stadionunda qəbul edən aran təmsilçisi indi də bir az şimala - Qubaya yollanıb.

Görünən odur ki, İmişlidən başqa bütün dilbər guşələrimizi təmsil edən klubda bir normal iş görən, ağlı başında qərar verən, adekvat adam, kadr yoxdur. Komandanın I Liqa matçlarına baxanda adamın ürəyi dağa dönürdü. Yerli fanatların, böyük futbola həmişə ac olan, maraq göstərən İmişli camaatının tribunaları doldurmasını böyük rəğbətlə izləyirdik. Bu mövsümdən etibarən isə gah 1400 dərəcə istidə süni ot örtüyündə Şamaxıda oynadılar, gah da təbii, yoxsa süni olduğu bəlli olmayan, palçıq, gil, tək-tük yaşıl rəngli otla qarışıq bir meydançası olan Qubada.

Biz sanki necəsə çalışırıq ki, yaxşı nə varsa, məhv edək, dərhal daha pis qərar verək, seçim edək, yoxsa ağzımız əyilər. Deyəsən klub rəhbərliyində də bu strategiyadır. Necə oldu bu stadion məsələsi bu vəziyyətə gəldi, necə bunu həll etmək olmadı, sadəcə inanılmazdı. Söhbət heç stadiondan, alınan nəticələrdən, seçimlərdən də getmir. İnsafən, çempionata da pis başlamayıblar. Amma konkret olaraq, kluba əl gəzdirmək lazımdır. 

Belə ki, Premyer Liqada çıxış edən bir klub ötən günlərdə daha bir inanılmaz səhvlə ictimaiyyətin gülüş obyektinə çevrilib. Misli Premyer Liqasının 4-cü tur çərçivəsində doğma Qubada (!) qəbul etdiyi "Sumqayıt"ı Mehdi Cənnətovun buraxdığı gülməli qolla məğlub edən "İmişli", həmin qoldan daha gülməli bir şeyə imza atıb. Adamlar adı iştirak ərizəsində olmayan oyunçunu - İbrahim Əliyevi meydana buraxıblar. Yəni bu klubda ağlı başında bir adam yoxdur ki, bunun fərqinə varsın? Bu səviyyədə belə bir şey necə baş verib, adam düşünəndə havalanır. Nəticədə isə 3 xaldan da olacaqlar və komandaya 0:3-lük texniki məğlubiyyət veriləcək.

Bunlardan daha gülməlisi isə veriləcək qərara etiraz edən baş məşqçi Jorj Kaşkilya matçdan sonra mətbuat konfransına gəlməyib. Portuqaliyalını klubun rəhbər şəxslərindən biri əvəzləmək istəyib. Amma ona başa salıblar ki, buna görə klub cərimələnəcək. Bundan sonra gedib Kaşkilayanı tapıb zorla mətbuat konfransına gətiriblər... Sadəcə biabırçılıqdır.

Əlqərəz, 4 tur etibarilə, bu komandanın hansı məzhəbə qulluq etdiyi heç kimə bəlli deyil. Məqsədi, məramı, mənası, hədəfi nədir, Allah bilir...